...

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda siyasi partiyaların rəhbərləri ilə görüşüblər

Siyasət Materials 13 İyun 2012 18:15 (UTC +04:00)
Azərbaycan Parlamentində çərşənbə günü ölkəmizdə fakt-araşdırıcı səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin nümayəndə heyəti ilə bir sıra görüşlər keçirilib.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda siyasi partiyaların rəhbərləri ilə görüşüblər

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycan Parlamentində çərşənbə günü ölkəmizdə fakt-araşdırıcı səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin nümayəndə heyəti ilə bir sıra görüşlər keçirilib.

Milli Məclisin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, əvvəlcə parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüş olub. Hakim partiyadan YAP icra katibinin müavini Mübariz Qurbanlı parlamentdəki 11 siyasi partiyanın nümayəndələrini qonaqlara təqdim edib, Azərbaycanın bir sıra beynəlxalq konvensiyalara qoşulduğunu, qanun yaradıcılığı prosesində Avropa dəyərlərinə üstünlük verildiyini nəzərə çatdırıb.

Sonra görüşdə iştirak edən digər siyasi partiyaların rəhbərləri fikirlərini bölüşüblər. Deputatlardan Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qonaqları maraqlandıran bir sıra məsələlərdən söhbət açıblar.

Söhbət zamanı Azərbaycan həqiqətləri AŞPA Monitorinq Komitəsi həmməruzəçilərinin diqqətinə çatdırılıb, ölkəmizin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindəki son durum barədə məlumat verilib. Bildirilib ki, son günlər Ermənistan ordusu mütəmadi olaraq cəbhə xəttində atəşkəs rejimini pozur, əsgərlərimiz arasında ölənlər və yaralananlar var.

Deputatlarımız AŞPA-nı bu münaqişənin həllində seyrçiliyə son qoymağa, fəal və ədalətli mövqe tutmağa çağırıblar. Təcavüzkar Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi qeyd olunub.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramunt Font de Mora görüşdə səslənən fikirlərə münasibət bildirib.

Xəbər lenti

Xəbər lenti