Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir M.Əliyev/
Milli Məclisin sədri Oqtay Əsədovla Bakıda səfərdə olan Meksika Senatı sədrinin müavini Fransisko Arroyo Vieyranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Trend-in məlumatına görə, Oqtay Əsədov Milli Məclisin fəaliyyəti, Azərbaycanın dinamik inkişafı, həyata keçirdiyi irimiqyaslı layihələr barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan ilə Meksika arasında münasibətlər daha da genişlənir və möhkəmlənir. Coğrafi baxımdan bir-birimizdən uzaqda yerləşsək də, Meksika Senatının, Nümayəndələr Palatasının qəbul etdiyi qərarlar bizim necə yaxın dost olduğumuzu sübut edir.
Ölkələrimiz arasında əməkdaşlığa dair 5 hüquqi sənəd imzalanıb, daha 14 sənəd isə artıq hazırdır. İnanırıq ki, bu sənədlər təkcə siyasi sahədə deyil, iqtisadi, ticari, təhsil və mədəni sahələrdə də əməkdaşlığımızın inkişafında mühüm rol oynayacaq.
Milli Məclisin sədri bütün çətinliklərə, erməni lobbisinin təsirlərinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycanın haqq səsinin müdafiəsi və Xocalı faciəsinin soyqırım aktı kimi tanınması barədə qəbul etdikləri qərarlara görə Senatın üzvlərinə və Meksika xalqına minnətdarlıq edib.
Fransisko Arroyo Vieyra xüsusilə qeyd edib ki, Meksikada Azərbaycana qarşı xüsusi simpatiya var. Azərbaycan inkişaf etdikcə dünya miqyasında mövqeləri möhkəmlənir və Meksika da dinamik inkişaf edən ölkə kimi Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır və daim onun yanındadır.
Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki səylərini yüksək qiymətləndirən vitse-spiker bildirib ki, biz bütün diaspor təşkilatlarına hörmətlə yanaşırıq, onların normal fəaliyyəti üçün şərait yaradırıq. "Lakin dövlət maraqları hər şeydən üstündür. Ona görə də biz Azərbaycanın dünyada artan nüfuzunu, sülhpərvərliyini, həyata keçirdiyi qonşuluq siyasətini yüksək qiymətləndiririk. Qəbul etdiyimiz qərarlarda da bunu görmək olar", - vitse-spiker əlavə edib.
Vieyra Meksikanın Bakıda səfirliyinin açılması istiqamətində səylərini artıracağını bildirib.
Görüşdə parlament diplomatiyası, dövlətlərarası əlaqələrin inkişafında qanunverici orqanların rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti, təcrübə mübadiləsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.