Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/
Mədəniyyətlərin dialoqunda kütləvi informasiya vasitələrinin rolu böyükdür. Trend-in məlumatına görə, Yunanıstanın keçmiş xarici işlər naziri Dora Bakoyannis belə hesab edir.
"Mədəniyyətlərin toqquşması bəşəriyyət tarixində yeni fakt deyil. Ona görə də biz mədəniyyətlərin dialoqunda eləcə də KİV-in rolunu qiymətləndirməyə bilmərik", - Bakoyannis cümə günü Bakı Beynəlxalq Humanitar Forumu zamanı deyib.
Оnun sözlərinə görə, KİV hadisələrə təsir edə və özü cəmiyyəti qarşıdurmaya təhrik edə bilər. Siyasi qüvvələrin əsas rolu dözümsüzlüklə, mədəniyyətlərin və dinlərin toqquşması ilə mübarizə aparmaqdır.
Sabiq nazir qeyd edib ki, dialoqu inkişaf etdirmək lazımdır və siyasətçilər bunu KİV vasitəsilə edə bilərlər.
Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır.
Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda qəbul edilib.
Forumun həmtəsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.
İkinci Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edir. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadimdir.