Gürcüstan, Tbilisi, 13 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn cümə axşamı ölkənin Baş naziri adından Gürcüstan hökumətinin başçısı Bidzina İvanişviliyə Bakıya səfərə rəsmi dəvət məktubunu təqdim edib. Trend-in məlumatına görə, bu barədə Baş nazirin mətbuat xidməti xəbər verir.
Baş nazir Bidzina İvanişvili Azərbaycan səfirini Gürcüstan Dövlət Dəftərxanasında qəbul edib.
Tərəflər iki ölkə arasında qarşılıqlı münasibətləri və əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Bakıya səfəri zamanı İvanişvili Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Mətbuat xidmətinin məlumatına görə, İvanişvilinin Bakıya səfəri dekabrın sonunda baş tutacaq. Qeyri-rəsmi məlumata görə, səfər dekabrın 26-da olacaq.