Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Almaniyada nəşr olunan "Die Welt" qəzetində Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Günter Ottingerin "Mən Maria Furtvenqlerə həsəd aparıram" başlıqlı məqaləsi dərc olunub.
Trend-in məlumatına görə, məqalədə bir sıra məsələlərlə yanaşı, Aİ komissarının Azərbaycanla bağlı fikirləri də yer alıb. Belə ki, Günter Ottinger Bakını İstanbul, Şanxay, Çikaqo kimi şəhərlərlə bir sırada göstərib və infrastruktur, mədəniyyət, insanların dinamikliyi baxımından xüsusi vurğulayıb.
Həmçinin Ottinger nə vaxtsa Brüsseli tərk edəcəyi təqdirdə, Ştutqart, Hamburq, Çikaqo və Bakının xüsusiyyətlərini özündə birləşdirən şəhəri seçəcəyini bildirib. "Azərbaycanda yaşayardınızmı?" sualına isə Ottinger burada bir neçə il yaşaya biləcəyini deyib, Bakının Moskva, Monte Karlo və Parisin sintezi olduğunu söyləyib.
Eyni zamanda Ottinger Azərbaycanın keçmiş Sovet İttifaqı ölkələri ilə müqayisədə yaxşı inkişaf yolunda olduğunu vurğulayıb.