...

Birinci xanım Mehriban Əliyeva Xəzər rayonunda təmiri və əsaslı surətdə yenidən qurulması nəzərdə tutulan bir sıra obyektlərdə olub (FOTO)

Siyasət Materials 1 Mart 2013 21:39 (UTC +04:00)
Martın 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Binə, Türkan, Şüvəlan və Buzovna qəsəbələrində olub, təmiri və əsaslı surətdə yenidən qurulması nəzərdə tutulan bir sıra obyektlərə baş çəkib.
Birinci xanım Mehriban Əliyeva Xəzər rayonunda təmiri və əsaslı surətdə yenidən qurulması nəzərdə tutulan bir sıra obyektlərdə olub (FOTO)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Martın 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Binə, Türkan, Şüvəlan və Buzovna qəsəbələrində olub, təmiri və əsaslı surətdə yenidən qurulması nəzərdə tutulan bir sıra obyektlərə baş çəkib.

Əvvəlcə Binə qəsəbəsindəki İmam Rza məscidinə gələn birinci xanım Mehriban Əliyeva burada sakinlərlə görüşdü. Məscidin axundu Hacı Həsən Binə sakinləri adından qəsəbədə görülən işlər, həyata keçirilən layihələrlə bağlı Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirdi.

Azərbaycanın birinci xanımı sakinlərin arzu və təkliflərini dinlədi, onların həlli istiqamətində tövsiyələrini verdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, qəsəbədə görülən bütün işlərin məqsədi insanların daha rahat yaşamasını təmin etməkdir.

Birinci xanım Mehriban Əliyeva Binədə görülən işlərdən danışdı, yeni məktəblərin tikildiyini, mədəniyyət evinin, kitabxananın yenidən qurulduğunu, işıq və qaz xətlərinin çəkildiyini qeyd etdi.

Mehriban xanım Əliyeva onun salamlarının qəsəbə sakinlərinə çatdırılmasını xahiş etdi.

Daha sonra Mehriban xanım Əliyeva məscidin yenidənqurma işlərindən əvvəlki fotoşəkillərinə baxdı. Məlumat verildi ki, məscid binasının dam örtüyü zədələndiyi üçün yağış suları içəri axaraq interyeri korlamışdı. Qəsəbə ağsaqqalları məscid binasının təmirinə yardım üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət ediblər. Müraciət əsasında 2012-ci ilin sentyabrından yenidənqurma işlərinə başlanıb. Məscid binası bu ilin birinci yarısında təhvil veriləcək.

Məscid, minarə və xidməti otaqlardan ibarət kompleksin sahəsi 1800 kvadratmetrdir. Burada kişilər və qadınlar üçün namaz otaqları, ehsan zalı və digər xidməti otaqlar var. Yenidənqurma işləri zamanı köməkçi bina yenidən tikilib, minarə günbəzi, ümumi tikinti sahəsinin forması və minbər tamamilə dəyişdirilib, hasar yenilənib. Binada müasir istilik sistemi quraşdırılacaq, qazanxana, 60 tonluq yeraltı su anbarı tikiləcək, interyer rəssamlar və nəqqaşlar tərəfindən yenidən işlənəcək. Təmir zamanı əsas binanın bünövrəsi də möhkəmləndirilib.

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva daha sonra Binə qəsəbəsindəki 285 nömrəli körpələr evi-uşaq bağçasında oldu. Milli Məclisin deputatına məlumat verildi ki, 1986-cı ildə tikilən və ümumi sahəsi 1900 kvadratmetrdən çox olan uşaq bağçasında indiyə qədər heç vaxt əsaslı təmir işləri aparılmayıb. 1993-cü ildən bağçada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşən soydaşlarımız məskunlaşmışdı. Bu il isə onlar yeni mənzillərlə təmin ediliblər. Diqqətə çatdırıldı ki, bağçada yaş yarımdan 6 yaşınadək uşaqlara xidmət edən 75 körpədən ibarət 4 qrup olsa da, binanın yarıtmaz vəziyyəti fəaliyyət göstərməyə imkan vermirdi. Bildirildi ki, 285 nömrəli bağça bu ərazidə yeganə məktəbəqədər uşaq müəssisəsidir. Tələbat artdığına görə Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada uşaq bağçası üçün yeni binanın inşası nəzərdə tutulub. Mehriban xanım Əliyeva işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsinə dair tövsiyələrini verdi.

Sonra Türkana gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qəsəbə sakinləri ilə görüşdü, onların problemləri ilə maraqlandı. Bildirdi ki, qarşıya qoyulan bütün vacib məsələlər həll olunur. Türkan qəsəbəsində artıq ikinci bağça binasının inşasına başlanıldığını deyən Mehriban xanım Əliyeva qəsəbədə tikinti və quruculuq işlərinin vüsət aldığını söylədi. Milli Məclisin deputatı Xəzər rayonunun bütün məktəblərinin yeni, müasir standartlara uyğun qurulduğunu bildirdi. Gələcək illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı zəruri addımların atılacağını qeyd edən Heydər Əliyev Fondunun prezidenti vurğuladı ki, bununla da qəsəbədə yeni iş yerlərinin açılmasına nail olunacaq.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Daha sonra Milli Məclisin deputatı burada tikilməkdə olan yeni uşaq bağçasında inşaat işlərinin gedişi ilə tanış oldu. Məlumat verildi ki, hazırda Türkan qəsəbəsində uşaq bağçasına böyük ehtiyac vardır. Ötən ilin sonunda inşasına başlanan müasir tipli 200 yerlik uşaq bağçasının bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.

Heydər Əliyev Fondunun prezidentinin diqqətinə çatdırıldı ki, ikimərtəbəli binada 2 körpə, 4 orta, 4 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərəcəkdir. Uşaq bağçası bütün əyani və texniki vasitələrlə təchiz ediləcək. Binada hovuz, musiqi və idman otaqları yaradılacaq, müasir havalandırma sistemi quraşdırılacaq. Həyətdə uşaqların əyləncəsi və fiziki inkişafı üçün şərait yaradılacaq.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 1-də Şüvəlan qəsəbəsindəki zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində də oldu.
Buradakı vəziyyətlə tanış olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verildi ki, internat məktəbi 1963-cü ildə inşa olunmuşdur. Hazırda burada 130 şagird təhsil alır. Binanın əsaslı təmirə ehtiyacı var.

Mehriban xanım Əliyeva internat məktəbinin yenidən qurulması ilə bağlı tövsiyələrini verdi.
Sonra Azərbaycanın birinci xanımı qəsəbə sakinləri ilə görüşdü, onlarla söhbət etdi.

Mehriban xanım Əliyeva bildirdi ki, Xəzər rayonunun bütün qəsəbələrində olduğu kimi, Şüvəlanda da həyata keçirilən layihələr uğurla davam etdirilir. Belə ki, sosial problemlər öz həllini tapmaqla yanaşı, burada təhsil ocaqları, məktəbəqədər müəssisələr, mədəniyyət mərkəzləri təmir olunur və yenidən qurulur. İki nömrəli xüsusi internat məktəbinin də müasir üslubda qurulmasının vacibliyini qeyd edən Mehriban xanım Əliyeva uşaqlara yüksək keyfiyyətli təhsilin verilməsinin əhəmiyyətini vurğuladı.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sonra Şüvəlandakı sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat məktəbinə gəldi.

Burada Azərbaycanın birinci xanımına məlumat verildi ki, 1964-cü ildə inşa olunan internatda 136 şagird təhsil alır. Bu müəssisə də yararsız vəziyyətə düşmüşdür və binanın əsaslı yenidənqurma işlərinə ciddi ehtiyac var. Heydər Əliyev Fondunun prezidenti bu internat məktəbinin də yenidən qurulacağını bildirdi.

Mehriban xanım Əliyeva internat məktəbində təhsil alan uşaqlara da baş çəkdi. Onlarla söhbət edən Azərbaycanın birinci xanımı balacaların əl işlərinə də baxdı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın baş çəkdiyi növbəti məktəbəqədər tərbiyə müəssisəsi Buzovna qəsəbəsindəki 246 nömrəli körpələr evi-uşaq bağçası oldu.
Bu tərbiyə müəssisəsi ilə yaxından tanış olan Mehriban xanım Əliyevanın diqqətinə çatdırıldı ki, 1985-ci ildə inşa edilən və indiyədək əsaslı təmir işləri görülməyən bağça Azərbaycan və rus bölmələri daxil olmaqla 2-6 yaşlı uşaqlar üçün ixtisaslaşmışdır. Səkkiz min kvadratmetrdən çox sahəsi olan uşaq bağçası istifadə üçün yararsız vəziyyətdədir. İkimərtəbəli binada istilik sistemi yoxdur.

Mehriban xanım Əliyeva bildirdi ki, Heydər Əliyev Fondu bu uşaq bağçasının da yenidən qurulmasını nəzərdə tutur.

Fondun prezidenti Mehriban xanım Əliyeva yenidənqurma işlərinin yüksək səviyyədə aparılması, uşaq bağçasının bütün əyani və texniki vasitələrlə təchiz olunmasına dair tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti