Gürcüstan, Tbilisi, 8 may /Trend, müxbir N.Kirsxaliya/
Bu gün Gürcüstan və Azərbaycan hökumət nümayəndələri Tbilisidə ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər.
Trend-in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi və tərkibində Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, ARDNŞ prezidenti Rövnəq Abdullayevin olduğu Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin Tbilisinin Abanotubani rayonundakı abidəsi önünə gül çələngi qoyub.
Mərasimdə Gürcüstan hökumətindən mədəniyyət naziri Quram Odişariya və reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili iştirak ediblər.
Gürcü nazirlər Heydər Əliyevin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi işində rolunu qeyd ediblər.
Tədbir Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi çərçivəsində keçirilib.