...

Riçard Morninqstar: Milli Demokratiya İnstitutu Azərbaycanda fəaliyyətini davam etdirəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 İyun 2013 16:47 (UTC +04:00)
Milli Demokratiya İnstitutu (NDI) Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün fəaliyyətini davam etdirəcək.
Riçard Morninqstar: Milli Demokratiya İnstitutu Azərbaycanda fəaliyyətini davam etdirəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir S.Əhmədova/

ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün fəaliyyətini davam etdirəcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Səfir bildirib: "Bir neçə gün əvvəl bununla bağlı verdiyim bəyanata istinad etmək istəyirəm. O zaman bildirmişdim ki, mənə Azərbaycan hökuməti tərəfindən NDI məsələsinin artıq bitdiyi barədə məlumat verilmişdi".

Morninqstar qeyd edib ki, NDI Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün öz fəaliyyətini davam etdirəcək: "NDI tərəfindən həmin o bəhs edilən 1 milyon məbləğin necə xərclənməsi haqqında ətraflı məlumat verildikdən sonra Azərbaycan hökuməti tərəfindən mənə məlumat verilib. Bu ətraflı məlumatın bütün sualları cavablandırması şəxsən məni qane edib".

Səfir bildirib: "Biz Azərbaycanda vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı istiqamətində fəaliyyətimizi çox səylə davam etdirəcəyik".

ABŞ-ın qrant proqramlarının demokratiya layihələrinə sərf edilməməsinin Amerika mediası tərəfindən tənqid olunmasına münasibət bildirən səfir deyib ki, məsələ qrantların demokratiya layihələrinə sərf edilməsindən getmir: "Doğrudan da qrantlar demokratiya layihələrinə ayrılır. Məsələ bu qrantların nə dərəcədə effektiv ayrılması və həyata keçirilməsindədir. Heç kim heç vaxt iddia etməyib ki, demokratiyanın inkişafı, təşviqi asandır. Sizə onu deyə bilərəm ki, biz Azərbaycanda vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı istiqamətində çox səylə fəaliyyət göstərməyi davam etdirəcəyik. Biz bu zaman sadə vətəndaşlar səviyyəsində fəaliyyətimizi davam etdirəcəyik. Eyni zamanda, hökumətlə demokratiya və insan haqları ilə bağlı əməkdaşlıq edəcəyik. Hesab edirik ki, bu iki səbəbdən önəmlidir. Birincisi, bu bizim dəyərlərimizi əks etdirir. İkinci səbəb isə odur ki, demokratiyanın inkişafı Azərbaycan hökumətinin marağındadır. Bu, Azərbaycanda daha yüksək, daha güclü sabitliyin yaradılmasına imkan verəcək, eyni zamanda, ölkələrimiz arasında əlaqələrin əsas hissəsini təşkil edəcək. Bunu da qəbul etmək lazımdır ki, ölkələr fərqlidir. müxtəlif məsələlər müxtəlif ölkələrdə özünü müxtəlif cür doğruldur, həyata keçirilir. Biz vətəndaş cəmiyyəti və hökumətlə əməkdaşlığımızı davam etdirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti