...

Dmitri Medvedyev: Azərbaycan və Rusiyanı yaxın tarixi əlaqələr bağlayır

Siyasət Materials 20 Sentyabr 2013 12:25 (UTC +04:00)
Rusiyanın Baş naziri Dmitri Medvedyev hesab edir ki, Bakı və Moskva enerji sektoru da daxil olmaqla iqtisadi məsələlər üzrə razılaşdırılmış mövqe hazırlamalıdırlar.
Dmitri Medvedyev: Azərbaycan və Rusiyanı yaxın tarixi əlaqələr bağlayır

Rusiya, Moskva, 20 sentyabr /Trend, xüsusi müxbir E.Hüseynov/

Rusiyanın Baş naziri Dmitri Medvedyev hesab edir ki, Bakı və Moskva enerji sektoru da daxil olmaqla iqtisadi məsələlər üzrə razılaşdırılmış mövqe hazırlamalıdırlar.

Medvedyev cümə axşamı Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XV Baş assambleyasının iştirakçılarının görüşü zamanı bildirib: "Bizim ölkələr arasında olan xüsusi yaxın əlaqələr nəzərə alınmaqla bir sıra iqtisadi məsələlər üzrə razılaşdırma xəttinin aparılmasına ehtiyac var".

Rusiya hökumətinin rəhbəri Rusiya-Azərbaycan münasibətlərini çox yaxşı kimi xarakterizə edib: "Biz tərəfdaşıq və öz əməkdaşlığımızı bütün istiqamətlər üzrə inkişaf etdiririk. Belə olub, belədir və mən hesab edirəm ki, belə olacaq. Bu, praktiki olaraq əməkdaşlığımızın bütün aspektlərində özünü göstərir".

Bununla yanaşı, Medvedyev hesab edir ki, Rusiya və Azərbaycanda energetika sahəsidə daxil olmaqla əməkdaşlıq prioritetləri var: "Azərbaycan da həmçinin enerji sahəsində böyük oyunçudur və mənə elə gəlir ki, biz tam bir sıra məsələlər üzrə razılaşdırılmış mövqe hazırlamalıyıq".

Rusiya Baş nazirinin fikrincə, tərəflər müəyyən anlarda rəqib olacaqlar ki, bu da beynəlxalq təcrübədən irəli gələn normal haldır: "Lakin hesab edirəm ki, biz razılığa gələ biləcəyik. Hər halda, biz Rusiya hökuməti kimi bizdən asılı olanı edəcəyik. Ümid edirəm ki, bizim azərbaycanlı tərəfdaşlar - Azərbaycan hökuməti də bu mövqedən çıxış edəcək".

Dmitri Medvedyevlə görüş zamanı Azərbaycanı Trend və "Azərtac" informasiya agentlikləri təmsil edib.

18-20 sentyabr tarixlərində Rusiyanın paytaxtı Moskvada OANO-nun XV Baş assambleyası keçirilir.

1961-ci ildə yaradılan OANO ən böyük media təşkilatıdır və dünyanın 35 ölkəsindən 44 informasiya agentliyini özündə birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti