...

Prezident İlham Əliyev Bakının Nizami rayonunda istifadəyə verilən 204 nömrəli elektrik yarımstansiyası ilə tanış olub (FOTO)

Siyasət Materials 25 Sentyabr 2013 15:39 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya ilə tanış olmuşdur.
Prezident İlham Əliyev Bakının Nizami rayonunda istifadəyə verilən 204 nömrəli elektrik yarımstansiyası ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya ilə tanış olmuşdur.

Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf ölkə həyatının bütün sahələrində, o cümlədən elektrik enerjisi təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına əlverişli şərait yaratmışdır. "Bakıelektrikşəbəkə"nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxt və ətraf ərazilərin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülməyə başlanılmışdır. Bu sahədə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində paytaxtın və Abşeronun fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı təmin olunmuş, şəbəkədə itkilər minimuma endirilmiş, ötürücülük qabiliyyəti artırılmış, qəza açılmaları aradan qaldırılmışdır. Göstərilən dövlət qayğısı nəticəsində "Bakıelektrikşəbəkə" keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Görülən tədbirlər sayəsində paytaxtda dairəvi təchizat sistemi yaradılmış və bu sistemin tətbiq olunması paylayıcı və ötürücü şəbəkələrin dayanıqlılığını artırmaqla bərabər, operativliyi də təmin etmişdir.

Bakı şəhərinin Nizami rayonu ərazisində 110/6 kV-luq 204 nömrəli yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması da bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Bu yarımstansiya Heydər Əliyev adına neft emalı zavodunu və ətrafdakı digər sənaye obyektlərini elektrik enerjisi ilə təchiz etmək üçün 1980-ci ildə inşa edilmişdir. Ötən müddət ərzində yarımstansiyadakı avadanlıq istismar müddətini başa vurmuşdur. Yarımstansiya artıq müasir tələblərə cavab vermirdi. Son illər respublikada, o cümlədən Bakı şəhərində həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf, ətraf ərazilərdə inşa edilən Gimnastika Kompleksinin, Olimpiya Stadionunun, Olimpiya şəhərciyinin, müxtəlif yol infrastrukturunun, Heydər Əliyev prospekti boyu inşa edilən yeni obyektlərin istifadəyə verilməsi dayanıqlı, fasiləsiz elektrik enerjisinə olan tələbatı artırmışdı. Bu məqsədlə nəzərdə tutulmuş investisiya proqramına uyğun olaraq köhnə 110/6 kV-luq yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir qapalı tipli 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya tikilib istismara verilmişdir. Yuxarıda adıçəkilən obyektləri və çoxsaylı yaşayış binalarını elektrik enerjisi ilə təchiz etmək üçün 110/35/6 kV-luq 204 nömrəli yarımstansiyadan qidalanan 3 yeni 35/6 kV-luq "Koroğlu", 208 və 217 nömrəli yarımstansiyalar da inşa edilmişdir. Bu yarımstansiyalar qapalı tipli olmaqla, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizəsi sistemi quraşdırılmaqla SCADA sisteminə qoşulmuşdur.

Dövlətimizin başçısı İlham Əliyev əsaslı şəkildə yenidən qurulan müasir tipli yarımstansiyada yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyev yarımstansiyada ulu öndər Heydər Əliyevin elektroenergetikanın inkişaf etdirilməsi istiqamətində göstərdiyi fəaliyyəti əks etdirən fotoguşəyə baxdı.

"Bakıelektrikşəbəkə" ASC-nin İdarə heyətinin sədri Baba Rzayev yarımstansiyada görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

İnşa olunan yarımstansiyaların əvvəlki vəziyyətini və yenidənqurmadan sonra yarımstansiyaların birləşmə sistemindən bəhs edən görüntülər nümayiş etdirildi.

Dövlətimizin başçısı Dispetçer İdarəetmə Mərkəzindən kompyuter vasitəsilə yarımstansiyanı işə saldı.

Bildirildi ki, əgər əvvəllər köhnə yarımstansiya açıq tipli paylayıcı qurğusu və yardımçı binaları ilə birlikdə 5 min kvadratmetrdən artıq ərazini əhatə edirdisə, əsaslı yenidənqurma işlərindən sonra yeni qapalı tipli yarımstansiya 1800 kvadratmetrdən artıq ərazidə yerləşdirilmişdir. Ümumi sahəsi 3200 kvadratmetrə yaxın olan yarımstansiyanın binası zirzəmisi ilə birlikdə üç mərtəbədən ibarətdir.

Dövlətimizin başçısı yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə yaxından tanış oldu.

Diqqətə çatdırıldı ki, yarımstansiyanın zirzəmi qatında müxtəlif gərginlikli giriş və çıxış kabelləri yerləşdirilmişdir. Birinci mərtəbədə Dispetçer İdarəetmə Mərkəzi, 35 və 6 kV-luq qapalı paylayıcı qurğular, reaktorlar, transformator bölmələri, əməkdaşlar üçün iş otaqları, mətbəx və digər yardımçı otaqlar vardır. Yarımstansiyanın II mərtəbəsində 110 kV-luq elektrik avadanlıqları quraşdırılmışdır. Yarımstansiya havalandırma və yanğına qarşı xəbərdarlıq sistemləri ilə təmin olunmuşdur.

Yarımstansiyanın istismara verilməsi ilə şəbəkədə 8 faiz güc artımı yaradılmış, ümumiyyətlə "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyətə başladığı 2006-cı ildən indiyədək şəbəkədə güc artımı 90 faizə çatmışdır. İstismara verilən yarımstansiyalar texniki və texnoloji baxımdan ən müasir avadanlıqla və idarəetmə sistemi ilə təmin olunmuşdur. Yeni yarımstansiyaların ərazilərində abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Yarımstansiyada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

"Bakelektrikşəbəkə"nin kollektivi adından çıxış edən Baxış Babayev elektrik enerjisi sektorunda əldə olunan böyük uğurlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı gələcəkdə də ardıcıl tədbirlərin həyata keçiriləcəyini vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti