...

Qabil Hüseynli: Müxalifət düşərgəsindəki liderlər istefa verməlidir

Siyasət Materials 3 Fevral 2014 16:12 (UTC +04:00)
Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli hesab edir ki, Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında baş verən gərginlik partiya rəhbərlərinin qarşısıalınmaz ambisiyalarından qaynaqlanan hadisələrdir.
Qabil Hüseynli: Müxalifət düşərgəsindəki liderlər istefa verməlidir

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli hesab edir ki, Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında baş verən gərginlik partiya rəhbərlərinin qarşısıalınmaz ambisiyalarından qaynaqlanan hadisələrdir.

Q.Hüseynli Trend-ə bildirib ki, sıravi üzvlərdən fərqli olaraq, bu liderlərin əsas məqsədləri isə müxalifət düşərgəsində liderliyi ələ keçirmək, özlərinin birinciliyini təsdiq etmək və yerdə qalanlara öz iradələrini diqtə etməkdir:

"Bu artıq neçə illərdir ki, davam edir və neçə illərdir ki, müxalifətin ayağa durmasına və özünü möhkəmləndirməsinə ciddi surətdə əngəl törədir. Onların içərisində ikisi xüsusilə seçilir - İsa Qəmbər və Əli Kərimli. Bu iki şəxsin gah açıq, gah da gizli siyasi rəqabəti, bu rəqabəti bəzən təşkilatlar üzərindən bütün müxalifət düşərgəsinə yaymaları nəticə etibarilə müxalifətin gücünü heçə endirir və müxalifət bir-birinin ardınca məğlubiyyətlərə düçar olur. Əvəzində isə bunlardan heç biri nə baş verənlər üçün məsuliyyət daşıyır, nə də mənsub olduqları partiyanın üzvləri qarşısında hesabat verirlər. Çünki partiyanın üzvlərinin əksəriyyəti onlara sadiq adamlardır və hər hansı alternativ düşüncəni yaxına buraxmırlar".

O, əlavə edib ki, bu iki şəxs 20 ildən çoxdur ki, həmin partiyalara rəhbərlik edir, ortada isə heç bir uğur yoxdur: "Uğur təkcə hakimiyyətə yiyələnmək deyil, həm də yaxşı nizam-intizama, geniş elektoral bazaya malik partiyanın qurulması ilə müəyyən edilir. Amma bunların sıraları get-gedə əriməkdə olduğundan partiyaların gəncləşməsinə, yeni gənc qüvvələrin partiyada rəhbər vəzifələrə gətirilməsinə ehtiyac duyulur və xüsusilə, bir-biri ilə rəqabət edən siyasilərin istefa vermələrinə ciddi ehtiyac duyulur".

Q.Hüseynli deyib ki, Milli Şuranın özündə də vəziyyət ürəkaçan deyil, eyni zamanda, qurumdan istefalar az deyil: "Milli Şuranın ətrafında da güc yoxdur. Cəmi bir neçə partiyadan ibarət olan Milli Şura belə bir güclə, elektoral baza ilə qarşısına qoyduğu məqsədlərə çatmaqda ciddi çətinliklərlə qarşılaşacaq. Ona görə də Azərbaycanda müxalifətin böyük siyasi inteqrasiyasını həyata keçirmək mümkün olmur və hər dəfə də bəlli bir miqyasda bu inteqrasiyanı həyata keçirdikdən sonra bu iki şəxsdən biri mütləq aranı qataraq müxalifətin birliyini heçə endirir".

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan istefa verdikdən sonra Müsavat Partiyası ilə AXCP arasında qarşılıqlı ittihamlar açıq müstəviyə keçib. Hətta Müsavatın Milli Şuradan istefa etməsi səbəbindən AXCP bu partiya ilə müttəfiqlik etməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti