Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/
Ermənistanın nəqliyyat dəhlizinin rentabelli olması üçün regionda bütün kommunikasiyaların fəaliyyəti dayanmalıdır. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mərkəzin direktoru bildirib ki, "Cənub Dəmiryolları" Ermənistan hökumətində ciddi müzakirə olunub: "300 km uzunluğu, 64 körpü, 60 tunel və 27 stansiyadan ibarət olacaq bu yolun tikintisi 3,2 milyard dollar vəsait tələb edir. Bu dəmiryolu Ermənistanın şimalını (Gürcüstanla sərhəd) cənubu ilə (İranla sərhəd) birləşdirəcək. Yolun tikintisini 2016-cı ildə başlayıb 2022-ci ildə başa çatdırmaq istəyirlər. Bu layihə ildə 18, 3 milyon ton yükün, 1,2 milyon sərnişinin daşınmasına hesablansa da, ildə 25 milyon ton yükün daşınması nəzərdə tutulur".
Onun sözlərinə görə, hal-hazırda Ermənistan dəmiryolunda illik yük dövriyyəsi 6,4 min tondur. Rəqəmlərin birdən-birə milyonla ifadə edilməsi saxtakarlığa nümunədir: "Saxtalıq Ermənistan rəhbərləri və "Cənub Dəmiryolları" şirkətinin rəhbəri Cozef Barkovski üçün normal haldır. Barkovski bu şirkəti Dubayda "Rasia" adı ilə qeydiyyatdan keçirib. Məşhur fırıldaqçıdır. Şirkətin adını bilərəkdən belə seçib. Bu yolun tikintisində Çinin maraqlı olması ilə bağlı deyilənləri Çin nümayəndə heyəti təkzib edib".
Politoloqun fikrincə, "Cənub Dəmiryolları" layihəsinin fəaliyyəti üçün çox mühüm geosiyasi sualların uzun müddətli cavabları tapılmalıdır: "Əvvəla İran bu dəmiryolunun çəkilməsinə razılıq verməli, ikincisi, bu dəmiryolunun işləməsi üçün Ermənistanın dağ-mədən sənayesinə investisiya qoymalı, üçüncüsü Astara-Rəşt-Qəzvin dəmiryolunun tikintisindən imtina etməlidir. Bundan başqa, Mehri (Naxçıvan) dəmiryolunun açılması baş verməməli, Xəzər limanları vasitəsilə Rusiya Fderasiyası ilə İran arasında əlaqələr dayanmalı, Qara dəniz vasitəsilə qurulan əlaqələr Ermənistana tuşlanmalıdır".
M.Əhmədoğlu həmçinin hesab edir ki, Cozef Borkovskinin Yerevanda keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ tənzimlənməsi haqqında səsləndirdiyi fikirlər diqqət çəkir: "O, Mehri-Naxçıvan dəmiryolunun açılmasının "Cənub Dəmiryolları" layihəsinə maneçilik törədəcəyini Ermənistan hökuməti ilə xüsusi müzakirə edib. Borkovskinin dediyindən belə anlaşılır ki, Ermənistan hökuməti 30 il ərzində Mehri-Naxçıvan yolunun işə düşəcəyini düşünür və onlar "Cənub Dəmiryolları"nın reallaşmasında bunu nəzərə alacaqlar".
Politoloq qeyd edib ki, "Şimal-Cənub" avtomobil yolunun tikintisi cəmi 15-20 kilometr tikildikdən sonra iş dayandırılıb və Baş nazir Tiqran Sarkisyan da bunu etiraf edib. Ermənistanın belə iri layihəni planlaşdırmaq və reallaşdırmaq təcrübəsi yoxdur: "Gürcüstanla da maraqlanıblar, onlarda da belə təcrübə yoxdur. Bu yol da Ermənistanın Gürcüstan və İranla olan sərhədini birləşdirir. Uzunluğu 556 km olan bu yol 2019-cu ildə istifadəyə verilməlidir. İndi başa düşüblər ki, topladıqları 900 milyon dollar bu tikintiyə bəs etməyəcək".