Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/
İranın müxalifət liderlərindən biri, prezidentliyə sabiq namizəd və hazırda ev dustaqlığında saxlanılan Mir Hüseyn Musəvinin həyat yoldaşı Zəhra Rahnəvərd Tehranın Nur Xəstəxanasında gözündən əməliyyat olunub. Bu barədə Trend İranın müxalifyönlü Kaleme.com saytına istinadən məlumat verir.
Məlumata əsasən, həyat yoldaşı ilə ev dustaqlığında olan xanım Z.Rahnəvərd üç ay öncə gözündən müayinə olunub, bu gün isə əməliyyat olunub. Əməliyyatdan sonra Z.Rahnəvərdin səhhətinin yaxşı olduğu bildirilir. Əməliyyat zamanı həyat yoldaşı M.H.Musəvi onun yanında olsa da, övladlarına xəstəxanada analarının yanına gəlməyə icazə verilməyib.
Xatırladaq ki, cari ilin iyul ayında hazırda ev dustaqlığında saxlanılan M.H.Musəvinin səhhətində problemlər yaranmışdı. O, ötən ilin sentyabrında da ürəyindəki problemlərlə bağlı Tehran Ürək Xəstəlikləri Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilərək üzərində angioqrafik əməliyyat aparılmışdı.
Qeyd edək ki, İranın müxalifət liderləri M.H.Musəvi və Mehdi Kərrubi həyat yoldaşları ilə birlikdə 2010-cu ilin əvvəlindən ev dustaqlığında saxlanılırlar.