...

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Leyla Yunusun səhhəti ilə bağlı məsələyə aydınlıq gətirdi

Siyasət Materials 24 Noyabr 2014 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakı İstintaq təcridxanasında saxlanılan Leyla Yunusun vəziyyəti stabildir. Onun səhhətində heç bir problem yoxdur.

Bunu Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi rəisinin müavini, tibb xidməti polkovniki İftixar Qurbanov deyib.

Onun sözlərinə görə, L.Yunus mütəmadi olaraq laborator analiz olunur, bundan əlavə, endokrinoloq davamlı olaraq onun şəkərli diabetinin səviyyəsini yoxlayır: "Mətbuatda deyildiyinin əksinə olaraq, onun qaraciyərində heç bir problem yoxdur. Bununla bağlı müayinələr də heç bir mənfi nəticə göstərməyib. Ona hətta bir neçə dəfə ultasəs müayinəsi (USM) də təklif olunub, lakin Leyla Yunus imtina edib ki, buna ehtiyac yoxdur. Bizim həkimlərimiz demək olar ki, hər gün onun səhhətinə nəzarət edirlər. Günü bu gün də onun səhhətində heç bir ciddi problem yoxdur. Düzdür, Leyla Yunus şəkər xəstəsidir. Buna görə də adekvat dərmanlar qəbul edir. Onun şəkərinin səviyyəsi nəzarət altındadır. Saxlanıldığı müəssisədə də, onun özündə də şəkərin səviyyəsini ölçən cihaz var".

İ.Qurbanovun fikrincə, L.Yunusun səhhətində ciddi problemlər olmadığı halda onunla bağlı yanlış məlumatların yayılmasında məqsəd yalnız diqqəti yenə də L.Yunusun üzərinə yönəltmək, onu diqqət mərkəzində saxlamaq ola bilər: "Bizim işimiz tibbi təminatın təşkil edilməsidir ki, biz də bunu edirik. Nəinki bizim İdarənin, hətta Səhiyyə Nazirliyinin mütəxəssisləri də Leyla Yunusun müayinələrinə cəlb olunur".

Qeyd edək ki, vəkili mətbuata açıqlamasında L.Yunusun səhhətinin ağırlaşdığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti