Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Aygün Bədəlova/
Ərazi bütövlüyü və müstəqillik prinsiplərinin riayət edilməsinə əsaslanmış xarici siyasət Azərbaycan Prezidenti İlham Əliyevin vacib uğurudur. Bunu Trend-ə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev sayəsində dünyada Azərbaycanla daha çox hesablaşmağa başlayıblar: "İlham Əliyevin siyasəti nəticəsində bütün dünyada Azərbaycanın əhəmiyyətinin və ölkəyə qarşı etimadın artması çox önəmlidir".
Baş direktor vurğulayıb ki, Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan xarici sərmayədarları cəlb edən sabit iqtisadiyyatı olan ölkəyə çevrilib: "Mənim "ərəb fırtınası" adlandırdığım "ərəb baharı"ndan sonra ərəb dünyasına nəzər salın. Xaos ərəb dünyasında qeyri-sabitliyə və qan tökülməsinə səbəb oldu ki, bu da öz növbəsində, xarici sərmayədarları uzaqlaşdırdı. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi altında narahat regionda sabitlik adasına çevrilib".
R.Sübhaninin sözlərinə görə, ABŞ, Fransa, Almaniya və Çindən olan şirkətlər Azərbaycanın sabit iqtisadiyyatına sərmayə yatırmaq niyyətindədirlər.
Şirkət rəhbəri qeyd edib ki, Azərbaycanda xarici şirkətlər tərəfindən reallaşdırılan layihələr ölkəyə etimad göstərildiyini təsdiq edir: "Siemens" və ya "Suez" kimi şirkətlərin investisiyaları onların Azərbaycan iqtisadiyyatına etimad göstərdiklərinin sübutudur".
Şirkət rəhbəri əlavə edib ki, Azərbaycan müstəqil, heç kəsə istiqamətlənməmiş investisiya siyasəti yürüdür ki, bu da ölkə xalqının rifahının artırılmasına hədəflənib.
Agentliyin həmsöhbəti bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın güclü Silahlı Qüvvələri var: "Ölkənin Silahlı Qüvvələri Ermənistanın Silahlı Qüvvələrini xeyli üstələyir. Bu Silahlı Qüvvələr nəinki Azərbaycanı müdafiə edə, eləcə də Ermənistan üzərində qələbə qazana bilər".
R.Sübhani deyib: "Bununla belə, Azərbaycan Prezidenti anlayır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ən yaxşı həll yoludur. Nizamlanmanın bu cür həlli Azərbaycanın zərər görə biləcəyi regional münaqişəyə gətirib çıxarmayacaq".
Onun fikrincə, son bir neçə il ərzində Prezident İlham Əliyevin əsas uğurlarından biri Azərbaycanın iqtisadi inkişafıdır: "Azərbaycanın bütün regionları stabil inkişaf edir, bölgələrdə əhalinin məşğulluğu təmin edilib və bu, Azərbaycanın iqtisadi inkişafının təminatıdır".
Şirkət rəhbərinin sözlərinə görə, insan kapitalının inkişafı və istehsalatda yerli işçi qüvvəsi payının artırılması Azərbaycan Prezidentinin daha bir xidmətidir: "Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Avropadan fərqli olaraq, Azərbaycanda daha çox yerli işçi qüvvəsinə güvənirlər ki, bu da ölkədə orta sinfin formalaşdırılması baxımından vacibdir. Ölkədə orta sinfin formalaşdırılması Prezident İlham Əliyevin vacib xidmətidir".
R.Sübhani deyib ki, enerji resursları ilə zəngin ölkələrdə əhalinin zəngin və kasıb təbəqələri arasında böyük uçurum var: "1994-cü ildən bu uçurum Azərbaycanda xeyli azalıb. İlham Əliyevin siyasəti Azərbaycanda yoxsulluğun aradan qaldırılmasına və ölkənin iqtisadi artımına yönəlib".