...

Azərbaycan sizin dediyinizi etməyəcək!

Siyasət Materials 12 Mart 2015 21:00 (UTC +04:00)
İlk Avropa Oyunlarının keçirilmə vaxtı yaxınlaşdıqca hər bir böyük beynəlxalq tədbirdən öncə baş verən ənənəvi proseslərin şahidi oluruq.
Azərbaycan sizin dediyinizi etməyəcək!

Azərbaycan xəbərlər xidməti
Elçin Mehdiyev - Trend:

İlk Avropa Oyunlarının keçirilmə vaxtı yaxınlaşdıqca hər bir böyük beynəlxalq tədbirdən öncə baş verən ənənəvi proseslərin şahidi oluruq. Yenə də qarayaxma və böhtan kampaniyası bir sıra beynəlxalq təşkilatların əsas fəaliyyət istiqamətinə çevrilib.

Təbii ki, daim Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən bu təşkilatlardan başqa mövqe gözləmək sadəlövhlük olardı. Onlar ən xırda məsələni belə şişirdib ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Elə məhz həmin təşkilatların havadarlarının çirkin əməlləri nəticəsində baş verən dəhşətlər, kobud hüquq pozuntuları, beynəlxalq qanunlara hörmətsizlik, ədalətsizlik dünyanı cənginə aldığı bir vaxtda bu üzdəniraq beynəlxalq təşkilatlar işlərini ilk Avropa Oyunlarını qaralamaq üzərində qurublar. İdman yarışı keçirmək nə vaxtdan hüquq pozuntusu olub?

Şübhəsiz ki, bu təşkilatlar müstəqil fəaliyyət göstərmir və onların əsl mahiyyəti də insan hüquqları adı altında pərdələnərək öz maraqları naminə müxtəlif ölkələrə təzyiq göstərməkdən ibarətdir.

Əfsuslar olsun ki, Azərbaycanda da bəzi antimilli qüvvələr hər vəchlə bu təşkilatların qarayaxma kampaniyasına dəstək verir, onların bəyanatlarını şişirdərək cəmiyyətə sırımağa, cəmiyyətdə yanlış rəy formalaşdırmağa çalışırlar.

Lakin ötən illərin təcrübəsi deməyə əsas verir ki, bu çirkli kampaniya əvvəlki kimi yenə də uğursuzluğa düçar olacaq. Çünki birincisi, cəmiyyət bu antimilli qüvvələrin vaxtilə Azərbaycanı hansı acınacaqlı duruma saldığını yaxşı xatırlayır, eyni zamanda, Avropa Oyunlarının Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı anlayır.

Əvvəla, ilk Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi barədə qərar təbii ki, Azərbaycanın beynəlxalq aləmdə nə qədər nüfuzlu bir ölkə olduğunu bir daha ortaya qoydu. Bu Oyunlar ölkəmizə hələ bundan sonra daha böyük siyasi və iqtisadi dividendlər gətirəcək.

İlk növbədə, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq aləmdə etibarlılığını daha da artıracaq, arqumentlərini, sözünün dəyərini daha da gücləndirəcək. İqtisadi dividendlər isə ondan ibarət olacaq ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə investisiya yatırılması üçün etibarlı ölkə olduğunu bir daha sübut edəcək və beləliklə, beynəlxalq investorların diqqətini daha çox cəlb edəcək.

Bunlar əldə edəcəyimiz dividendlərin sadəcə kiçik bir hissəsidir. Zaman keçdikcə bu Oyunların ölkə üçün nə qədər əhəmiyyətli olduğunu daha yaxşı anlayacağıq.

Sonda onu demək yerinə düşər ki, Azərbaycan sizin dediyinizi etməyəcək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti