Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/
Bakıda keçiriləcək Birinci Avropa Oyunları yaxınlaşdıqca daxili və xarici düşmənlər baş qaldırmağa cəhd edir. Azərbaycana qarşı bu qarayaxma kampaniyasında erməni lobbisinə dəstək verən bəzi xarici dairələr də yaxından iştirak edir. Bunu Trend-ə açıqlamasında millət vəkili Fuad Muradov bildirib.
Parlament üzvü qeyd edib ki, əsası olmayan, yersiz ittihamlar bir sıra siyasi dairələrin Azərbaycana qarşı təzyiq vasitəsidir: "Lakin görünən odur ki, bu cür mənasız ittihamlar yerindəcə iflasa uğrayır. Amma qəribə bir tendensiya yaranıb. İstər daxildən, istərsə də xaricdən Azərbaycanı ləkəmək üçün sanki yarış keçirilir. Hətta bütün dünyada neftin qiymətinin azalması, dolların kursunun qalxması kimi hadisələri də Avropa Oyunları ilə əlaqələndirirlər. Yaxud qəfildən avropalılar üçün həssas olan mövzularla "heyvansevərlərin", "əlillərə qayğı göstərənlərin" ortaya çıxması və qısa zaman kəsiyində bu cür cılız "qara piar"ın əsl mahiyyətinin aydın olması sübüt edir ki, bu prosesdə konkret qüvvələrin, o cümlədən erməni lobbisinə dəstək verən müəyyən xarici dairələrin də yaxından iştirakı var."
Azərbaycanın müstəqil siyasət yürütdüyünü diqqətə çatdıran millət vəkili qeyd edib ki, müxtəlif beynəlxalq konvensiyalara qoşulmaq o demək deyil ki, hansısa "təşkilatlar" Azərbaycanın daxili işinə qarışa bilər: "Bir sıra təşkilatlar, hətta illərdir Azərbaycan haqqında bir kəlmə deməyənlər bu gün bizdə nöqsan axtarışına çıxıblar. 20 faiz ərazisi işğalda olan və aşkar şəkildə hüquqları Ermənistan tərəfindən pozulan ölkəmizin haqq işinə bir dəfə də olsun dəstək verməyənlər indi Azərbaycanda "hüquq pozuntuları" axtarırlar. Əslində, bunun mahiyyəti göz qabağındadır. Dünyadakı erməni diasporasından aldığı maliyyə müqabilində bu cür absurd fikirlər səsləndirənlər anlamalıdırlar ki, ölkəmizin müstəqil siyasətinə təsir edə bilməyəcəklər. Azərbaycan istənilən təhdidə hüquqi-siyasi yolla cavab verməyə hazırdır. Eyni zamanda, Azərbaycan ictimaiyyəti də bu cür hadisələrə biganə qalmamalı, ölkəmizin milli mənafeyi naminə öz dəstəyini əsirgəməməlidir".