Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Elçin Mehdiyev/
"Hazırda Azərbaycanla bağlı neqativ kampaniyanın arxasında bir məsələ dayanır. O da Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarıdır. Burada erməni lobbisinin, eyni zamanda, ermənilərin havadarlarının rolu açıq-aydın görünür". Bunu Trend-ə Azərbaycanda guya insan haqlarının pozulmasına dair ABŞ-ın dövlət katibi Con Kerriyə göndərilən açıq məktubu şərh edərkən Milli Məclisin deputatı Sahib Əliyev deyib.
Deputatın sözlərinə görə, ermənilər aprelin 24-də uydurma "soyqırım"larının 100 illiyini keçirməyə hazırlaşırlar: "Amma onlar da yaxşı fərqindədirlər ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına gələcək dövlət başçılarının sayı bunların uydurma "soyqırım"la bağlı keçirəcəkləri ağlaşma şousuna gələnlərdən bir neçə dəfə çox olacaq. Bunun fərqindədirlər və bu yolla həm xaricdəki bəlli dairələrin vasitəsilə, həm də bizim daxildəki antimilli qüvvələrin köməyi ilə ölkəmiz haqqında mənfi imic formalaşdırmağa çalışırlar, ən müxtəlif yollarla kimlərisə bura gəlməkdən çəkindirmək istəyirlər, amma özləri də bunun boş bir şey olduğunu bilirlər. Onlar sadəcə ürək bulandırmaqdan o yana gedə bilməyəcəklər".
O ki qaldı açıq məktubda C.Kerrini Azərbaycana təzyiq etməyə çağırmağa, deputat deyib ki, Azərbaycan da müstəqil dövlətdir, ABŞ da: "Azərbaycanın da suveren hüquqları var, ABŞ-ın da. Kimsə nəyisə Azərbaycana diktə edə bilməz və bir çox standartlar, həmçinin insan haqları standartları baxımından götürəndə, hesab edirəm ki, Azərbaycanda standartlar bizə təzyiq etməyə çağırılan ABŞ-dan yüksəkdir, nəinki aşağı".
Con Kerriyə göndərilən məktub şərh edildi: "Erməni lobbisinin rolu açıq-aydın görünür"
Hazırda Azərbaycanla bağlı neqativ kampaniyanın arxasında bir məsələ dayanır. O da Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarıdır.