...

Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda seminar keçirilib (FOTO)

Siyasət Materials 6 May 2015 15:55 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədi daşıyan növbəti elmi-praktik seminar keçirilib. Seminarda "Heydər Əliyev və Azərbaycan dili" mövzusu müzakirə olunub.
Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Vüqar İmanov/

Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədi daşıyan növbəti elmi-praktik seminar keçirilib. Seminarda "Heydər Əliyev və Azərbaycan dili" mövzusu müzakirə olunub.

Trend-in məlumatına görə, Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun çıxış etdiyi tədbirdə ictimai-siyasi xadimlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Elmi-praktik seminarda Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərindən bəhs edilib.

N.Cəfərov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin milli dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edir: "Onun Azərbaycana rəhbərlik etdiyi ilk illərdən son dövrə qədər apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinmir".

Ulu öndərin Azərbaycan rəhbərliyinə gəldiyi dövrdən söz açan N.Cəfərov bildirib ki, Azərbaycan dili keçən əsrin 60-cı illərin sonu 70-ci illərin əvvəllərinə paradoksal bir vəziyyətdə gəlib çıxmışdı: "Əsas paradoks isə ondan ibarət idi ki, dilin inkişaf potensialı kifayət qədər güclü olsa da, siyasi nüfuzu, yəni dövlət dili olaraq mövqeyi məhdudlaşdırılmış, dilin inkişafı üçün mühüm məsələlərdən olan etnik-mədəni kontekstindən, yəni digər qohum türk dilləri ilə kontaktlardan məhrum edilmişdi".

N.Cəfərovun fikrincə, Heydər Əliyevin dövlət başçısı olaraq uğurlu dil siyasəti yürütməsinin səbəblərindən biri milli dil quruculuğu təcrübəsinin mövcudluğu, ikincisi həmin təcrübəni dərindən öyrənməsi, ənənəni davam etdirməsi idisə, üçüncüsü, sözün geniş və böyük mənasında dilə yaradıcı münasibəti idi.

N.Cəfərov qeyd edib ki, Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik edərkən yürütdüyü milli dil siyasəti kifayət qədər müstəqilliyi ilə seçilib: "Xalq gördü ki, respublikanın yeni rəhbəri kənd zəhmətkeşləri ilə görüşlərdən başlamış, Azərbaycan Dövlət Universitetinin yarım əsrlik yubiley məclisində, yazıçıların qurultaylarına qədər bütün tədbirlərdə öz dilində - Azərbaycan dilində danışır. Azərbaycan ədəbiyyatının, ümumən mədəniyyətinin klassiklərinin ümumxalq səviyyəsində keçirilən yubileyləri həm də ana dilinin geniş miqyasda təbliği demək idi. Xalq özünün Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Zakir, M.F.Axundzadə, Aşıq Ələsgər, Mirzə Cəlil, Sabir, H.Cavid, S.Vurğun kimi dahilərinin dövlət və dövlət başçısı səviyyəsində nə qədər yüksək qiymətləndirildiklərini gördükcə özü də yüksəlirdi".

О, əlavə edib ki, Heydər Əliyev əksəriyyəti ana dilində yazan müasir Azərbaycan yazıçılarının nüfuzunu о zamana qədər görünməmiş bir səviyyəyə qaldırdı, onu sovet ideologiyasının inzibati təzyiqlərindən cəsarətlə qorudu, milli demokratik dünyagörüşünün yayılması üçün geniş meydan açdı:

"Çox mühüm təşəbbüslərdən biri о oldu ki, Azərbaycan SSR Ali Sovetinin növbədənkənar VII sessiyasında (1978) Respublikanın yeni Konstitusiyası qəbul olundu ki, onun 73-cü maddəsində Azərbaycan dilinin Respublikada dövlət dili olması təsbit edildi".

N. Cəfərov çıxışında bildirib ki, xalqın tələbi ilə Azərbaycana gələn, müxtəlif xarakterli hərcmərcliklərin, iğtişaşların, dağıntıların qarşısını alaraq ölkəni müstəqil inkişaf yoluna çıxaran Ümummilli Liderin 1993-cü ildən 2003-cü ilə qədər milli dil quruculuğu sahəsində gördüyü işlər isə həm miqyası, həm də məzmunu etibarilə müqayisəsizdir.

N. Cəfərov Ümummilli Lider Heydər Əliyevin müstəqillik illərində Azərbaycan dilinin inkişafı, tədrisi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi istiqamətində atdığı addımlardan bəhs edib:

"Ümummilli Liderin milli dil siyasətindən danışarkən çox mühüm bir məsələni də dönə-dönə və qürurla qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyanın о möhtəşəm dövlət adamlarındandır ki, güclü natiqliq istedadına malik idi. O, Azərbaycan dilini yalnız ürəkdən sevməsi, onun dövlət dili hüquqlarını müdafiə edib milli və beynəlxalq nüfuzunu yüksəltməsi ilə deyil, həm də bu dildə səlist danışaraq hər kəsə nümunə göstərməsi ona tarixi şöhrət qazandırdı, elə bir abidə ucaltdı ki, bundan sonrakı nəsillər ana dilini, dövlət dilini bir də ona görə sevəcəklər ki, о, Heydər Əliyevin dilidir".

Qeyd edək ki, Heydər Əliyev irsinin öyrənilməsi üzrə seminarlar Heydər Əliyev Mərkəzində mütəmadi olaraq təşkil edilir. Layihə çərçivəsində ölkənin tanınmış elm adamları ulu öndərin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur, çıxışlar ətrafında interaktiv müzakirələr aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti