Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Elçin Mehdiyev/
"İrana səfər sevinci Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın "təhlükəsizlik zonası"nın az olması barədəki bəyanatının müəllifidir. İranın Azərbaycana münasibəti barədə köhnə təsəvvürlər Ermənistanda qalmaqdadır. Hələ də Ermənistanda bəzi rəsmi şəxslər İranı özlərinin dayağı hesab edirlər".
Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq bildirib ki, D.Tonoyanın "təhlüksizlik zonası"nın az olması ilə bağlı verdiyi bəyanatı da məhz İranın Ermənistanla münasibətlərinə söykənirdi: "D.Tonoyanın Tert.am saytına verdiyi müsahibə tamamilə ziddiyyətlərdən ibarət idi. Azərbaycanın mövqeyi, Rusiya-Azərbaycan münasibətləri, Azərbaycanın gücü barədə erməni prizmasından ziyanlı fikirlər səsləndirən D.Tonoyan birdən-birə "təhlükəsizlik zonası"nın az olduğu, başqa sözlə, Ermənistanın işğal etdiyi əraziləri daha da genişləndirmək, bir az da aydın desək, Azərbaycanın daha yeni ərazilərini işğal etmək iddiası ilə çıxış etdi. D.Tonoyanın həmin müsahibəsində Rusiya və Qərbə etinasızlıq görünür. Onları bəlkə də azərbaycanpərəst hesab edir. D.Tonoyanın belə fonda "təhlükəsizlik zonası"nın Ermənistan üçün azlığı barədə bəyanat verməsinin əsl səbəbi onun İrana səfər etməsinə hazırlaşması ilə əlaqəli imiş".
Politoloq qeyd edib ki, İran D.Tonoyanın İrana gəlməsinə və İranın müdafiə naziri tərəfindən qəbul edilməsinə razılıq verdi: "D.Tonoyan siyasətdə rəhbəri S.Ohanyanın davamçısıdır. Köhnə siyasi qəliblərə istinad edir. O qəlibə görə İran Ermənistanın müttəfiqidir. İranın Ermənistana müttəfiq olmasının səbəbi isə İranın Azərbaycan və Türkiyə ilə tarixi düşmən olmasıdır. Amma indi vəziyyət dəyişib. Ermənistan Livana sülhməramlı göndərməklə "Hizbullah"a qarşı müharibədə iştirak etməyə hazır olduğunu bəyan etdi. Bu müharibənin hücum və ya müdafiə xarakterli olmasının elə böyük əhəmiyyəti yoxdur. "Hizbullah"a qarşı müharibə açmaq İrana qarşı müharibə açmaq deməkdir. Ermənistan Vorotan SES-i ABŞ-a satmaq niyyətindən əl çəkməyib. Ermənistanın bu sövdələşməsi İran üçün kəşfiyyat təhlükəsi yaradır. Orada lazımi radioelektron kəşfiyyat qurğularını yerləşdirməklə ABŞ İranın böyük miqdarda ərazisinə nəzarət edə bilər. Ermənistan İranın planları ilə hərəkət etmir. İran Ermənistan kimi dövlətin belə davranışını qəbul edə bilməz. Çünki İran Ermənistan ərazisini özünün tarixi ərazisi hesab edir. İranın Türkiyəyə münasibəti də dəyişib. Bu dəyişilmə ermənilərin maraqlarına uyğun deyil. Ən azı "erməni soyqırımı"nın 100 illiyində İranın mövqeyi bunun əyani sübutudur. "Erməni soyqırımı"nın adi ildönümü Tehranda qeyd edilirdi və bu mərasimdə İranın Prezident Aparatının rəsmiləri və deputatlar da iştirak edirdi".
M.Əhmədoğlu bildirib ki, bu il 24 apreldə yalnız erməni kilsəsində tədbir keçirildi. Onun sözlərinə görə, elmi simpozium isə mayın 20-i radələrində İsfahan şəhərində keçirildi: "Elmi simpoziumda yalnız ermənilər iştirak etdilər. D.Tonoyan bütün baş verənləri görə bilməz. Çünki lazımi səviyyədə dünyagörüşə malik deyil. Könüllü olaraq Azərbaycan tərəfə keçmiş erməni hərbçisi A.Qriqoryanın erməni hərbçilərinin Azərbaycana tərəf keçməsi ilə bağlı fikirləri mətbuata çıxan kimi Ermənistan rəhbərliyi, o cümlədən Müdafiə Nazirliyinin rəhbərləri dərhal hərbi hissələrə səpələndilər. Bir neçə gecə-gündüz orada qaldılar. D.Tonoyan hansı hərbi hissədə olduğunu xatırlasa daha yaxşı ola bilər. İran indi Azərbaycana tamam fərqli gözlə baxır. "Araz" Azad İqtisadi Zona İran üçün günün tələbidir. İranın bu layihəni yalnız Azərbaycanın iştirakı ilə reallaşdırılacağı təqdirdə effektlidir. Bu yolla İran özünün şimal regionlarındakı əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyir".
Politoloq deyib ki, İran "Şimal-Cənub" dəmir yolu marşrutuna Azərbaycan ərazisi vasitəsilə qoşuldu. Rəşt-Astara dəmir yolu və Astara-Astara körpüsü tikilir. Bu, İran-Ermənistan dəmir yolu variantını heçə endirir: "İran indi SSRİ dövründə fəaliyyət göstərən Yerevan-Naxçıvan dəmir yolunun fəaliyyətə başlamasını tələb edir. Bu, Mehri dəmir yolunun fəaliyyətə başlaması deməkdir. Mehri dəmir yolunun fəaliyyətə başlaması Azərbaycan torpaqlarının işğaldan azad olunmasında böyük töhfədir. İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, İran TANAP layihəsinə qoşula bilər. Bu isə o deməkdir ki, İran öz qazını gələcəkdə Azərbaycan ərazisi vasitəsilə nəql edəcəkdir. İranın öz ərazisi vasitəsilə qazını Avropaya nəql etməsi ona bir sıra geosiyasi üstünlüklər qazandırır. O cümlədən, əgər İrana qarşı yenidən sanksiyalar tətbiq olunsa da İran Avropaya yenə qaz sata bilər. Svap sxemi sadədir: Azərbaycan özünün daxili bazarı üçün lazım olan qazı İrandan alır, daxili bazarı üçün nəzərdə tutduğu qazı isə Avropaya yönəldir. İran cüzi maliyyə itkisinə məruz qala bilər. Amma iri pullar gələcəkdir. Ermənistanın belə imkanları hətta nəzəri cəhətdən yoxdur. D.Tonoyan İranda olarkən İranın müdafiə naziri Ə.Dehqani tərəfdən qəbul edildi. Bir sıra müəssisələrdə oldu. Diqqəti çəkən, onun "Etka" konserv zavodunda olmasıdır. Bu konserv zavodu İran ordusunu konserv məhsulları ilə təmin edir. İranın hətta Ermənistan ordusuna konserv satması risklidir".
O, əlavə edib ki, Yəməndə və İraqda baş verənlər İranla Ərəb dünyası arasındakı dini mübarizəni xeyl kəskinləşdirib: "Belə vəziyyətdə Azərbaycan əsgərinin Azərbaycan işğal olunmuş ərazilərində İran mənşəli konservləri tapıb İslam Əməkdaşlığı Təşkilatına göndərməsi İran üçün ciddi problem yarada bilər. Ona görə Ermənistanın müasir İranı tanıması çox vacibdir. Ən azı Ermənistandakı iranlı diplomatların son illərdəki mövqeyində və bəyanatlarındakı dəyişikliklər bunu deməyə əsas verir".