...

Rauf Əliyev: Azərbaycan gücləndiyi üçün qarayaxma kampaniyaları müntəzəm xarakter alıb

Siyasət Materials 25 İyun 2015 13:43 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında “Azərbaycanda demokratik təşkilatların fəaliyyəti” adlı hesabat müzakirə olunub və qətnamə qəbul edilib. Niyə son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyası müntəzəm xarakter alıb?
Rauf Əliyev: Azərbaycan gücləndiyi üçün qarayaxma kampaniyaları müntəzəm xarakter alıb

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında "Azərbaycanda demokratik təşkilatların fəaliyyəti" adlı hesabat müzakirə olunub və qətnamə qəbul edilib. Niyə son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyası müntəzəm xarakter alıb? Cavab aydındır. Bu Azərbaycanın yeritdiyi müstəqil siyasət, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi və öz seçdiyi, müəyyənləşdirdiyi yolla inamla irəliyə doğru getməsidir.

Trend xəbər verir ki, bu fikirləri millət vəkili Rauf Əliyev son günlər Ermənistanda baş verən etiraz aksiyalarını şərh edərkən bildirib.

R.Əliyev qeyd edib ki, əlbəttə, Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar bu qüvvələri daima narahat edir: "Bu hücumlar I Avropa Oyunları zamanı daha da güclənib. Bu tədbirin belə möhtəşəm, təkrarsız milyonlarla tamaşaçını heyran qoyan formada keçirilməsi Azərbaycanı sevməyən qüvvələri daha da qıcıqlandırır. Onların ancaq bir yolu qalıb. Ancaq yalan və böhtanla Azərbaycanın günü-gündən artan nüfuzuna ləkə gətirmək".

Millət vəkili sonra bildirib ki, Ermənistanın paytaxtı Yerevan şəhərində elektrik enerjisinin tarifinin qaldırılması insanların "Qarətə son" şüarı altında kütləvi etirazına və küçələrə axmasına səbəb olub: "Bu artım və yeni qiymət dünya ölkələri üçün çox da böyük artım deyil, ancaq kasıb Ermənistan cəmiyyəti bu yeni qiymətləri ödəmək iqtidarında deyil. Onsuz da Ermənistan dərin sosial-iqtisadi böhrandadır. Yaşayış səviyyəsi durmadan aşağı düşür. Bir neçe gündür ki, Ermənistan hüquq-mühafizə orqanları xüsusi amansızlıqla nümayişləri dağıdır, yüzlərlə nümayiş iştirakçısı polis tərəfindən saxlanılıb. Bu tədbirlərə baxmayaraq insanlar yenə də nümayişə çıxmağa davam edirlər. Artıq Ermənistanın bir çox şəhərləri bu aksiyaya qoşulub".

R.Əliyev deyib ki, Ermənistan qonşuları Azərbaycan və Türkiyə ilə normal münasibətlər saxlasaydı, indiki acınacaqlı vəziyyətə düşməzdi: "Bütün bunlar Ermənistanının son illər apardığı özünütəcrid siyasətinin nəticəsidir. Belə anti-hökümət çıxışları Avrpoanın və dünyanın bir çox ölkələrində də baş verir. Ancaq elə bil dünyada heç nə baş vermir hər şey normaldır. Avropa Parlamenti bütün bunlara göz yumur, elə bil heç nə baş vermir. Sual olunur. Niyə bu üzdəniraq insan hüquq və azadlıqlarının müdafiəçiləri ATƏT, Avropa Parlamenti, Avropa Birliyi, Ermənistanın paytaxtında baş verən kütləvi qanun pozuntularına göz yumurlar. Bir neçə il bundan qabaq Ermənistanda parlament gülləbaran ediləndə, müxtəlif nümayyəndələri qətlə yetiriləndə də bu üzdəniraq demokratlar susmuşdular".

Daha sonra millət vəkili qeyd edib ki, Avropa Şurasının əsas vəzifələrindən biri bu təşkilata üzv olan dövlətlər arasında sülh, dostluq, mehribanlıq münasibətlərinin yaradılması və bu münasibətlərin daha da gücləndirilməsi olmalıdır: "Çox təəssüflər olsun ki, son illərdə biz bunun əksini görürük. Bu qüvvələr öz siyasətində ölkələr arasında bərabərhüquqlu əməkdaşlıq, dostluq, mehribanlıq prinsiplərinə daima əməl edən Azərbaycanı deyil, bu prinsiplərin əksinə, öz qonşusunun torpaqlarını zəbt edən milyondan çöx azərbaycanlını öz torpaqlarından qovub çıxarmış Ermənistanı dəstəkləyirlər. Onlar yuxarıda qeyd olunan qətnaməni qəbul edərkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycanın Laçın rayonundan olan qaçqınların Ermənistan Respublikasına qarşı qaldırdıqları iddialarına görə qəbul edilmiş qərarına da məhəl qoymayıblar. Bu qərarda açıq-aydın Ermənistan silahlı qüvvələrinin Qarabağ konfiliktində birbaşa iştirak etməsi göstərilib. Bundan başqa, Avropa Məhkəməsi müəyyənləşdirib ki, Ermənistan dövləti Qarabağdakı cinayətkar qurumu hərbi, iqtisadi və maliyyə cəhətdən təmin edir. Cinayətkarları öz adları ilə adlandırmağa daha nə lazımdır?"

R.Əliyev Avropanın Azərbaycana yönəlik münasibətinə də diqqət çəkib. O qeyd edib ki, Azərbaycanda kimlərsə mövcud qanunları pozduqlarına görə, məsuliyyətə cəlb olunanda üzdəniraq demokratlar onların müdafiəsinə qalxırlar: "Çünki bu üzdəniraq "siyasi məhbuslar" Azərbaycanı gözü götürməyən qüvvələrin öz məkrli siyasətlərini yerinə yetirmək üçün əvəzolunmaz vasitələrdəndir. Ona görə də onların müdafiəsi üçün dəridən-qabıqdan çıxırlar. Son vaxtlar baş verən proseslər göstərir ki, Azərbaycana qarşı bu qarayaxma kampaniyalarının aparılması Azərbaycanı öz seçdiyi yoldan döndərə bilməyəcək. Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşərək qarşıya qoyulmuş strateji hədəflərə doğru inamla addımlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti