...

Azərbaycan-Gürcüstan sərhədində yenə də tıxac olacaq, amma...

Siyasət Materials 19 İyul 2015 22:00 (UTC +04:00)
Yenə bayram ərəfəsi, yenə də Azərbaycan-Gürcüstan sərhədində tıxac...
Azərbaycan-Gürcüstan sərhədində yenə də tıxac olacaq, amma...

Bəxtiyar Hacıyev - Trend:

Yenə bayram ərəfəsi, yenə də Azərbaycan-Gürcüstan sərhədində tıxac... Hərdən lap hayqırmaq istəyirəm: "Ay camaat, nə var axı Gürcüstanda? Qayıdın!" Amma üzüm gəlmir.

İyulun 17-də xalq arasında "Qırmızı körpü" kimi tanınan "Sınıq Körpü" gömrük postunda azərbaycanlı turistlərin qonşu ölkəyə axını səbəbindən güclü tıxac oldu. Dövlət Gömrük Komitəsi də məlumat yaydı: "Bayram və istirahət günləri ilə əlaqədar olaraq Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində müəyyən qədər sıxlıq müşahidə olunur. Azərbaycan-Gürcüstan sərhədində gömrük əməkdaşları gücləndirilmiş iş rejimində çalışır, nəqliyyat vasitələri üçün nəzərdə tutulan 2 keçid xətti əvəzinə 4 keçid xətti fəaliyyət göstərir və yaxın 2-3 saat ərzində mövcud sıxlıq aradan qaldırılacaq".

Ənənəvi vəziyyət, ənənəvi məlumat. Bəs Gürcüstandan Azərbaycana axın nə vaxt olacaq? Ümumiyyətlə, niyə hər bayram ərəfəsində ənənəvi problem yaşanır? Təbii ki, hər bir turist adətən xarici ölkəyə üz tutur, xarici ölkə daha maraqlıdır. Amma biz məhz Gürcüstan yolunu lap Bakı-Sumqayıt yoluna döndərmişik. Səbəb çox sadədir - istirahət Gürcüstanda daha ucuz başa gəlir, nəinki vətənimizdə.

Nə qədər dövlət qurumları Azərbaycanda turizmin inkişaf etdiyini desələr də, görünən budur ki, bu məsələdə heç Gürcüstana da çata bilməmişik. Bizdə yüksək xidmət ola bilər, amma hotellər bahadır, bir çox istirahət mərkəzlərində qiymətlər od tutub yanır. Bu faktı dana bilmərik axı.

Məsələyə dövlət başçısı iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı münasibət bildirdi: "Mənə bir siqnal da gəlir ki, bizdə hotellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda hotellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan hotellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu hotellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək, Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu hotellər azdır, ikiulduzlu hotellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, hotellərin qiymətləri və üçulduzlu, ikiulduzlu hotellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər".

Çox keçmədi ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən açıqlama gəldi: "Hotellərin qiymətləri ilə bağlı yaxın vaxtlarda qərarımızı və tövsiyələrimizi verəcəyik".

Bütün bunlara ən ali səviyyədə münasibətin bildirilməsi çox təqdirəlayiqdir və təbii ki, problemin həll olunacağına ümid verir. Lakin aydın olmayan bir məsələ var: ölkədə hər hansı problemin həllinə yalnız dövlət başçısının reaksiyasından sonra başlamaq lazımdır?

Və ya aviabiletlərin qiyməti. Yenə də Prezident İlham Əliyevdən sitat: "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır".

Dövlət başçısının münasibətindən çox keçməmiş AZAL-ın prezidenti Cahangir Əsgərov hər bir hava xəttinin tariflərini dərindən təhlil etməyi tapşırdı. Yenə də yuxarıdakı mənzərə: bunu dövlət başçısı çıxış etməmiş dərindən təhlil etmək olmurdu?

Həmvətənlərimizin Gürcüstana axınının nəticəsi isə bərbaddır. Azərbaycanlılar arasında Tbilisini Bakıdan çox sevənlərin sayı hər il artır. Ömründə bir dəfə məscidin qapısını aralamayanlar Gürcüstanda girmədikləri, şam yandırmadıqları kilsə qoymayıblar. Mənim gürcülərə qarşı qəsdi-qərəzliyim yoxdur, onlar bizə dost, qardaş millətdirlər. İstərdim ki, gürcülər də Bakını ən azı Tbilisi qədər sevsinlər. Amma bizdən qat-qat aşağı səviyyədə yaşayan gürcülərin Bakını sevməsi üçün təbii ki, Bakıya tez-tez gəlmələri lazımdır, bu isə gürcülərin cibi ilə heç düz gəlmir.

Bizə ümid etmək qalır; ümid edək ki, sərhəddə yenə də tıxac olacaq, amma qarşı tərəfdən axın hesabına... Və ümid edək ki, dincəlmək üçün daha çox öz vətənimizə üstünlük verəcəyik. Tıxacda qalmaq yaxşı hal deyil...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti