...

"Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ikili standart nümunəsidir"

Siyasət Materials 14 Sentyabr 2015 15:36 (UTC +04:00)
Avropa Parlamentində ölkəmiz əleyhinə qəbul edilmiş və Azərbaycan reallıqlarına uyğun olmayan qətnamə ikili standart nümunəsidir.
"Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ikili standart nümunəsidir"

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

"Avropa Parlamentində ölkəmiz əleyhinə qəbul edilmiş və Azərbaycan reallıqlarına uyğun olmayan qətnamə demokratik dəyərlərin heçə sayılması, həmçinin ikili standart nümunəsidir".

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini, Gənclər Birliyinin ofisinin rəhbəri Əli Pənahov deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti, bir tərəfdən, insan hüquqlarının qorunması prinsipindən çıxış etdiyini bəyan edir, digər tərəfdən isə, mövcud faktları - reallıqları heçə sayaraq Azərbaycana qarşı ədalətsiz yanaşma sərgiləyir: "Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə qanun pozuntusuna yol vermiş hər bir şəxsin hüquqi məsuliyyətə cəlb olunması qanunun tələbidir. Eyni zamanda, ölkəmiz demokratik inkişaf yolunda inamla irəliləyir, vətəndaş cəmiyyətinin inkişafı, hüquq və azadlıqların qorunması başlıca reallıqlardır. Qanunların aliliyinin təsbit olunduğu Azərbaycan hüquqi dövlətdir. Ölkəmiz, eyni zamanda, Qərbin demokratik institutları ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın demokratik inkişafı Qərb tərəfindən də təqdir olunur. Belə olan halda, Avropa Parlamentinin bir qrup üzvünün ölkəmizə qarşı qərəzli kampaniyası qəbuledilməzdir. Bütövlükdə, bu qətnamə anti-Azərbaycan dairələrin maraqlarını ifadə edən, qərəzli və ədalətsiz sənəddir".

Ə.Pənahov əlavə edib ki, Avropa Parlamentində Azərbaycan əleyhinə qərəzli qətnamənin qəbul edilməsi qurumun bir qrup üzvünün anti-Azərbaycan dairələrlə və ermənipərəst çevrələrlə işbirliyinin nəticəsidir: "Avropa Parlamentinin məlum qrupunun üzvləri, həqiqətən də, demokratiya təəssübünü çəksəydilər, 20 ildən artıqdır Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, həmçinin, adi insani hüquqlarının pozulması, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və s. bu kimi faktları da məlum qətnaməyə daxil edər, Ermənistana təzyiq göstərməyə çalışardılar. Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün insan haqqları, yaşamaq, ümumiyyətlə, bütün hüquqları pozulub. Amma beynəlxalq təşkilatlar onların hüquqlarının bərpası istiqamətində ciddi addımlar atmırlar. Avropa Parlamentinin bu cür addımı isə özünün nüfuzuna zərbədir".

Ə.Pənahov onu da bildirib ki, Avropa Parlamentinin yaydığı qətnamə əslində onların "nəyə" xidmət etdiklərini ortaya qoyur: "Bununla həmin qurumun fəaliyyət mexanizminin necə formalaşması bəlli olur və qurumun insanlar arasında nüfuzdan düşməsinə, bu quruma olan etimadın sarsılmasına yol açır. Maraqlısı bundan ibarətdir ki, "insan hüquqlarından" danışan bir sıra ölkələr özləri insanların hüquqlarını tapdalayır və dini inancları ilə oynayırlar. Bəzi Avropa ölkələri qaçqın olmuş və onlara sığınmaq istəyən müsəlmanlara dinlərini dəyişdirib xristian dinini qəbul etdikləri təqdirdə vətəndaşlıq verəcəklərini demişlər. Bu fakt onların insan hüquqları amilinə hansı "prinsiplərlə" yanaşdıgını göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti