...

Prezident İlham Əliyev: "Azərbaycan tam əmindir ki, Cənub Qaz Dəhlizi layihəsi öz həllini tapacaq"

Siyasət Materials 15 Sentyabr 2015 18:26 (UTC +04:00)
"Azərbaycan tam əmindir ki, Cənub Qaz Dəhlizi layihəsi öz həllini tapacaq və beləliklə, Azərbaycandan Avropaya yeni qaz kəmərinin tikintisi təmin ediləcək"
Prezident İlham Əliyev: "Azərbaycan tam əmindir ki, Cənub Qaz Dəhlizi layihəsi öz həllini tapacaq"

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

"Azərbaycan tam əmindir ki, Cənub Qaz Dəhlizi layihəsi öz həllini tapacaq və beləliklə, Azərbaycandan Avropaya yeni qaz kəmərinin tikintisi təmin ediləcək". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zeman ilə Bakıda keçirdiyi mətbuat konfransında çıxışında deyib.

Prezident İlham Əliyev bildirib: "Cənab Prezident, hörmətli qonaqlar, xanımlar və cənablar, sizi bir daha Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmişsiniz. Biz sizin səfərinizə böyük əhəmiyyət veririk və əminəm ki, səfər çox uğurlu keçəcək və səfərin nəticələri bizim ölkələrimizi bir-birinə daha da yaxın edəcək".

Dövlət başçısı qeyd edib ki, əlaqələrimiz uğurla inkişaf edir, siyasi, iqtisadi, mədəniyyət sahələrində çox gözəl nəticələr var: "Biz siyasi sahədə uğurla əməkdaşlıq edirik. Beynəlxalq müstəvidə də beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət göstəririk, əməkdaşlıq edirik. Bu gün biz sizinlə əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimi şəkildə müzakirə etdik və bir daha görürük ki, ikitərəfli əməkdaşlığın dərinləşməsi üçün heç bir maneə yoxdur. Əksinə, bizim aramızda tərəfdaşlıq və dostluq əlaqələri yaranıb. Bu gün imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamə bu sözlərimin əyani sübutudur".

İlham Əliyev bildirib ki, bu, çox ciddi siyasi sənəddir: "İkitərəfli əlaqələrimizin səviyyəsini, mahiyyətini əks etdirir və doğrudan da bizim əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Mən sizə məlumat verdim ki, bizim Avropa İttifaqına üzv ölkələrlə 7 buna bənzər müqavilə, anlaşma, bəyannaməmiz var. Artıq Azərbaycan Aİ-yə üzv ölkələrin 8-i ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu bəyannamədə əlaqələrimizin müxtəlif aspektləri öz əksini tapır. Eyni zamanda bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və münaqişənin həlli yolları göstərilir. Bu mövqeyə görə, bu dəstəyə görə sizə minnətdaram".

Prezidentin sözlərinə görə, bəyannamədə göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı, ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında öz həllini tapmalıdır: "Bu, yeganə mümkün həll variantıdır. Bütün münaqişələr beynəlxalq hüquq norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə erməni işğalı altındadır. Bu bölgələrdə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Bu siyasət nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır və Ermənistan bu işğalçı siyasətini davam etdirir, beynəlxalq vasitəçilərin çağırışlarına məhəl qoymur. Bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, Fransa və ABŞ ən yüksək səviyyədə bəyan ediblər ki, bu münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi təbii ki, işğala son qoyulması deməkdir. Biz bunu istəyirik. Beynəlxalq birlik də bunu istəyir. Əminəm ki, biz istədiyimizə nail olacağıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və beləliklə, beynəlxalq hüquq və ədalət zəfər çalacaq".

İlham Əliyev əlavə edib ki, bəyannamədə digər sahələr də öz əksini tapır: "Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Deyə bilərəm ki, bu gün həm nümayəndə heyətləri səviyyəsində, həm də ikitərəfli formatda daha çox iqtisadi əməkdaşlığı müzakirə etmişik. Burada gözəl potensial var. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır, eyni zamanda Çexiya bankları tərəfindən Azərbaycanda müvafiq layihələrin icrasına böyük miqdarda vəsait ayrılır. Buna görə də minnətdarıq, çünki bu vəsait imkan verir ki, Azərbaycanda müxtəlif infrastruktur layihələri icra edilsin, ilk növbədə, nəqliyyat sektorunda. Bu barədə də biz geniş fikir mübadiləsi apardıq. Əlbəttə ki, biz əldə edilmiş nəticələri yüksək qiymətləndiririk. Biz, eyni zamanda gələcəyə baxmalıyıq".

Dövlət başçısı bildirib ki, sabah keçiriləcək Çexiya-Azərbaycan biznes-forumu ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşməsi üçün mühüm hadisə olacaq: "Qarşılıqlı investisiyaların qoyuluşu məsələləri əhəmiyyət kəsb edir. Həm Çex Respublikası, həm də Azərbaycan xarici sərmayə üçün çox məqbul ölkələrdir. Xarici sərmayələr yüksək səviyyədə qorunur. Çalışmalıyıq ki, bizim iş adamlarımız da bir-birini daha yaxından tanısınlar və əməkdaşlıq dərinləşsin. Bu yaxınlarda hökumətlərarası komissiyanın iclası da keçirilmişdir. Bu da çox önəmli formatdır. Beləliklə, əminəm ki, iqtisadi sahədə gələcək illərdə daha da uğurlu nəticələr olacaqdır. Baxmayaraq ki, bu gün artıq deyə bilərəm ki, ticarət dövriyyəsinin səviyyəsi bizi müəyyən dərəcədə qane edə bilər. Əlbəttə ki, energetika sektorunda əməkdaşlıq da danışıqlar mövzusudur. Azərbaycan Çexiyaya xam neft ixrac edir və Çexiyanın enerji balansında Azərbaycan nefti müəyyən bir hissəni, haradasa 30 faizi təşkil edir. Bu da çox önəmli hadisədir".

Prezident qeyd edib ki, Azərbaycan hazırda Cənub Qaz Dəhlizinin icrası ilə məşğuldur: "Bu, nəhəng enerji layihəsidir. Bu layihənin ümumi dəyəri 45 milyard dollara bərabərdir. Burada "Şahdəniz" qaz yatağının ikinci fazasının işlənməsi məsələsi öz həllini tapacaq, eyni zamanda 3 yeni qaz kəməri çəkiləcək: Cənubi Qafqaz Qaz Kəməri - Azərbaycanı Gürcüstanla birləşdirən, TANAP - Türkiyə üzərindən keçən və TAP - Türkiyə sərhədindən İtaliya sərhədlərinədək uzanan 3-cü qaz layihəsi. "Şahdəniz-2" qaz yatağının işlənməsi ilə birlikdə bu 4 nəhəng layihə Cənub Qaz Dəhlizini formalaşdırır. Burada Azərbaycan öz liderlik funksiyalarını uğurla yerinə yetirir. Azərbaycan bütün bu layihələrdə investor kimi, bəzi layihələrdə isə əsas investor kimi iştirak edir. Dünyada neftin qiyməti son aylar kəskin şəkildə aşağı düşsə də, bu layihənin icrasında heç bir yubanma yoxdur, bütün işlər vaxtlı-vaxtında görülür. Azərbaycan tam əmindir ki, beynəlxalq əməkdaşlıq nəticəsində bu layihə öz həllini tapacaq və beləliklə, Azərbaycandan Avropaya yeni qaz kəmərinin tikintisi təmin ediləcək".

İlham Əliyev deyib ki, digər sahələrdə də əməkdaşlıq üçün yaxşı perspektivlər var: "Mən, xüsusilə humanitar sahəni qeyd etmək istəyirəm. Çexiya mədəniyyətinə, tarixinə Azərbaycanda çox böyük maraq var. Cənab Prezident, əminəm ki, siz və sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə heyətinin üzvləri bu sahə ilə də tanış olacaqsınız. Bir daha sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmişsiniz. Əminəm ki, səfəriniz çox uğurlu olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti