Bakı. Trend:
"Keçən il Türkiyə-Rusiya münasibətləri gərginləşdi. Təbiidir ki, bu, bizi çox narahat edir. Çünki hər iki ölkə bizim qonşumuzdur, yaxın dostumuzdur. Əlbəttə, bizim üçün, əminəm ki, Türkiyə və Rusiya üçün bu, arzuolunan vəziyyət deyil".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
İlham Əliyev bildirib ki, bununla bərabər, bu yaxınlarda İran-Səudiyyə Ərəbistanı münasibətləri həddindən artıq gərginləşdi və diplomatik əlaqələr kəsildi:
"İran və Səudiyyə Ərəbistanı bizim üçün yaxın və dost ölkələrdir. İran ilə bizi birgə tarix, mədəniyyət birləşdirir, bir çox layihələr birgə icra edilir. Səudiyyə Ərəbistanı bizim üçün çox önəmli tərəfdaşdır. Yaxşı bilirsiniz ki, keçən il mənim Səudiyyə Ərəbistanına rəsmi səfərim yüksək səviyyədə keçmişdir. Mənə, eyni zamanda, Azərbaycan dövlətinə, Azərbaycan xalqına çox böyük qonaqpərvərlik göstərilmişdir. Müqəddəs Kəbənin qapıları üzümüzə açılmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həmişə birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir, nəinki dəstəkləyir, hətta bu münaqişəyə və işğala görə Ermənistan ilə heç bir əlaqə saxlamır, diplomatik əlaqələr saxlamır. Yəni, İran-Səudiyyə Ərəbistanı münasibətlərində yaranmış gərginlik əlbəttə ki, bizi narahat edir. Çünki hər iki ölkə ilə bizim yaxın əlaqələrimiz var. Eyni zamanda, bu vəziyyət istər-istəməz müsəlman aləmində baş verən hadisələrə təsir göstərir.
Biz həmişə çalışmışıq və öz səylərimizi göstərmişik ki, müsəlman aləmi daha da sıx birləşsin. Bu gün də çalışırıq və Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən gələn il keçiriləcək İslam Həmrəylik Oyunları bu məqsədi güdür ki, müsəlman aləmində əlaqələr daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha yaxşı zəmin yaradılsın".
İlham Əliyev: Türkiyə-Rusiya və İran-Səudiyyə Ərəbistanı münasibətlərində yaranmış gərginlik bizi narahat edir
“Keçən il Türkiyə-Rusiya münasibətləri gərginləşdi. Təbiidir ki, bu, bizi çox narahat edir. Çünki hər iki ölkə bizim qonşumuzdur, yaxın dostumuzdur. Əlbəttə, bizim üçün, əminəm ki, Türkiyə və Rusiya üçün bu, arzuolunan vəziyyət deyil”.