...

Aktauda Xocalı qurbanları yad edilib (FOTO)

Siyasət Materials 25 Fevral 2016 15:08 (UTC +04:00)
Aktau şəhərində Xocalı qurbanları yad edilib.
Aktauda Xocalı qurbanları yad edilib  (FOTO)

Bakı. Trend:

Aktau şəhərində Xocalı qurbanları yad edilib.

Bu barədə Trend-ə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğundan məlumat verilib.

Baş konsulluq tərəfindən İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya Ədalət" kompaniyası çərçivəsində Aktau şəhərində "Önər" Art-Qaleleriya Sərgi salonunda Xocalı qurbanlarının xatirəsinin anım mərasimi keçirilmişdir.

Tədbirdə Manqistau vilayətində yaşayan çox saylı soydaşlarımızla yanaşı Türkiyə və İranın Aktau şəhərindəki Baş konsulları və konsulluqların əməkdaşları, vilayətin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri, Aktau şəhərinin incəsənət və rəssamlıq məktəblərinin müəllim və tələbələri, vilayətdə fəaliyyət göstərən digər diasporaların rəhbərləri və üzvləri, KİV nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində qonaqlar, Baş konsulluq tərəfindən "Xocalıya Ədalət" kompaniyası çərçıvəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında "Biz ədalət tələb edirik!" mövzusunda keçirilmiş müsabiqədə iştirak etmiş rəsmlərin sərgisinə baxmışlar. Qonaqlar həmçinin zalda Xocalıda törədilmiş müsibəti əks etdirən "Xocalı dağı" foto kompozisiya ilə tanış olmuşlar.

Tədbirin rəsmi açılış mərasimində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Daha sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat vermişdir.

O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya Ədalət" kompaniyasından danışmışdır.

O, Baş konsulluq tərəfindən "Xocalıya Ədalət" kompaniyası çərçıvəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında "Biz ədalət tələb edirik!" mövzusunda keçirilmiş müsabiqə haqqında danışaraq, Baş konsulluğun həyata keçirdiyi layihəyə dəstək vermiş rəssamlıq məktəblərinə və yeniyetmə və gənc rəssamlara minnətdarlığını bildirmişdir.

E.Zeynalov həmçinin Qazaxıstanın internet məkanında Baş konsulluq tərəfindən yaradılmış www.xocalı.kz saytında BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə, parlamentlərinə müraciət yerləşdirildiyini bildirərək, tədbir iştirakçılarını bu müraciətə qoşulmağa çağırmışdır.

Aktau şəhər Dövlət Uşaq İncəsənət məktəbinin direktoru Sara Qabbasova çıxış edərək, Xocalı faciəsi, həlak olmuş insanlar üçün üzüldüyünü bildirərək, "Biz ədalət tələb edirik! mövzusunda rəsm müsabiqəsinin keçirilməsi, gənc nəslin daha ədalətli ruhda böyüməsinə, terrora, müharibəyə qarşı, günahsız insanların ölümünə qarşı tərbiyələndirilməsinə dəstək verəcəyini bildirdi.

Qazaxıstan Rəssamlar İttifaqının üzvü Aymurat Tanatov çıxışında, Xocalı faciəsi ilə bağlı xalqımızın ağrı-acısına şərik olduğunu qeyd edərək, keçirilmiş müsabiqənin yekunları haqqında danışdı.
Çıxışlardan sonra müsabiqənin qalibləri elan edildi. Qalıblərə, Baş konsulluğun fəxri fərmanları və Azərbaycan haqqında kitablar təqdim olundu.

Daha sonra tədbir iştirakçılarına, Baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə Aktau şəhərindəkı azərbaycanlı gənclər tərəfindən hazırlanmış "Xocalı fəryadı" adlı tamaşa göstərildi.

Anım mərasimindən sonra, tədbir iştirakçıları Aktau şəhərinin dəniz kənarı parkına gələrək, Xocalıda həlak olmuş insanların xatirəsinə həsr olunmuş aksiyada iştirak etdilər.

Aksiyada Xocalı şəhərində qətlə yetirilmiş insanların ruhu anılaraq, üzərində Azərbaycan, qazax, rus və ingilis dillərində "Xocalıya ədalət" sözləri yazılmış yanar şarlar səmaya buraxıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti