...

Prezident İlham Əliyev: Pirallahı rayonunda turizmin inkişafı bundan sonra sürətlə gedəcək

Siyasət Materials 21 İyul 2017 17:57 (UTC +04:00)
Pirallahı rayonunda turizmin inkişafı bundan sonra sürətlə gedəcək.
Prezident İlham Əliyev: Pirallahı rayonunda turizmin inkişafı bundan sonra sürətlə gedəcək

Bakı. Trend:

Pirallahı rayonunda turizmin inkişafı bundan sonra sürətlə gedəcək.

Trend-in məlumatına görə, bunu Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün Pirallahı rayonunun həyatında çox əlamətdar bir gündür, içməli su layihəsi istifadəyə verilir. İndi həm Pirallahı qəsəbəsinə, həm Gürgan qəsəbəsinə təmiz içməli su veriləcəkdir. Bu, çox böyük hadisədir, siz yaxşı bilirsiniz ki, həmişə burada su problemi insanları çox narahat edirdi, incidirdi. İndi isə vətəndaşlara 24 saat ərzində təmiz, bütün ekoloji standartlara uyğun, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su verilir.

Bu, çox böyük layihədir, böyük vəsait tələb edən layihədir. Sırf sosial xarakter daşıyan layihədir ki, vətəndaşlar üçün təmiz içməli su verilsin. Çünki su insanın həyatında əsas amillərdən biridir. Su sağlamlıqdır, təmizlikdir və təmiz içməli su əlbəttə ki, hər bir insanın həyatında xüsusi yer tutur".

İlham Əliyev bildirib ki, son illərdə həm Bakıda, həm də demək olar ki, bütün bölgələrdə içməli su layihələri uğurla icra edilir: "Bakı şəhərinin içməli su ilə təminatı yaxşılaşır. Hələ gələcəkdə görüləcək işlər var, çoxdur. Buraya çəkilən 80 kilometr uzunluğunda su xətti əlbəttə ki, böyük vəsait tələb edən layihədir. Çünki Ceyranbatandan Pirallahıya, Gürgana, eyni zamanda, Xəzər rayonunun Zirə, Türkan qəsəbələrinə su xətti çəkilib. Bir neçə il bundan əvvəl Ceyranbatan su anbarında böyük təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir. Bu da dünya miqyasında ən böyük təmizləyici qurğudur. Buna görə, Pirallahıya içməli suyun gətirilməsi doğrudan da böyük layihədir - həm texniki, həm maliyyə cəhətdən böyük zəhmət və vəsait tələb edən layihədir. Ancaq bu layihə artıq reallaşıbdır. Biz bunu etmişik və bu, burada yaşayan vətəndaşlar üçün çox gözəl hədiyyədir.

Bununla bərabər, biz Pirallahı rayonunun inkişafı ilə bağlı bütün digər məsələlərə kompleks şəkildə yanaşdıq. Burada bütün infrastruktur məsələləri həll olunur. Gözəl körpü tikilib. Həmin körpünün tikilməsi də bu bölgənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb. İndi Xəzər dənizinin təbii axını təmin olunub. Əvvəllər burada, dənizdə müəyyən durğunluq var idi. İndi isə bu körpünün altından dəniz suları axır, eyni zamanda, gələcəkdə gəmilərlə, yaxtalarla Bakıdan buraya gəlmək mümkün olacaq. Körpü də nəhəng bir infrastruktur layihəsidir, uzunluğu 700 metrdən çoxdur. Aeroport yolundan Pirallahıya dördzolaqlı geniş, gözəl yol salınıb. Bu da ən yüksək standartlara cavab verir. İndi bu yolla gəldim, adamın gözünü oxşayır. Əvvəlki yol nə vəziyyətdə idi, siz hamıdan yaxşı bilirsiniz".

Prezident əlavə edib ki, ona görə bu əsas infrastruktur layihələrinin icrası əlbəttə ki, yeni imkanlar yaradır: "Qazlaşdırma tam təmin olunub, elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Bu gün biz yeni Günəş Elektrik Stansiyasının açılışını qeyd edəcəyik. Sosial infrastruktur yaradılır, 85 yerlik xəstəxana, bir neçə məktəb, istilik təchizatı, 70-dən çox yaşayış binası təmir olunub, parklar salınır, yeni müəssisələr yaradılır.

Azərbaycanda əvvəllər də, elə bu gün də dərman istehsalı fabrikləri demək olar ki, yoxdur. Biz birinci fabrikləri buraya saldıq. İki fabrikin tikintisi gedir. Oraya qoyulacaq sərmayənin həcmi təqribən 100 milyon dollara bərabərdir. Burada iş yerləri, yeni istehsal sahələri yaradılacaq. İndi balıqyetişdirmə müəssisəsinin təməli qoyulacaq, balıq bazarı tikilib. Baxın, bu günə qədər Bakı şəhərində balıq bazarı olmayıb. Bu, böyük çatışmazlıqdır. Çünki dəniz kənarında yerləşən şəhərlərin əksəriyyətində balıq bazarları olur. Bu balıq bazarları həm vətəndaşlara xidmət edir, eyni zamanda, bir növ turizm zonasına çevrilir. İndi burada gözəl bir kiçik bulvar salınıb, balıq bazarı var, balıq yetişdirmə müəssisəsi yaradılır. Turizmin inkişafı bundan sonra sürətlə gedəcək. Gürgan qəsəbəsində böyük turizm layihəsi var. İndi Pirallahı da gözəl bir cənnət yerə çevrilib. Burada həm Pirallahı, həm bütün Bakı sakinləri, Azərbaycan vətəndaşları və qonaqlar üçün çox gözəl şərait yaradılıb.

Bütün bu gözəl hadisələr münasibətilə sizi təbrik edirəm. Pirallahı gənc rayondur, beş ildir ki, yaradılıb. Yaranan gündən burada quruculuq-abadlıq işləri aparılıb. Sizi bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti