...

TƏKLİF: Azərbaycan əleyhinə sosial şəbəkələrdə zəhər axıdan adamların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir

Siyasət Materials 1 Oktyabr 2018 13:25 (UTC +04:00)
Azərbaycan dövlətinin bütün strukturları sosial media hesabları yaratmalıdır və bu sosial media üzərindən öz təbliğatını aparmalıdır.
TƏKLİF: Azərbaycan əleyhinə sosial şəbəkələrdə zəhər axıdan adamların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan dövlətinin bütün strukturları sosial media hesabları yaratmalıdır və bu sosial media üzərindən öz təbliğatını aparmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

Z.Oruc bildirib ki, müasir dövrdə informasiya vasitələri bir silaha çevrilib: “Qərbin müxtəlif dairələrində bu siyasəti Azərbaycana qarşı həyata keçirənlər var. İnformasiya vasitələri sırasında televiziya və radio öz yerini sosial mediaya, əsasən də “youtube” video portalına verir. Hazırda “youtube”u izləyənlərin sayı 1 milyardı keçir. XXI əsrin dövləti öz mənafeyini tamam ayrı mexanizmlər üzərindən qorumalıdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin bütün strukturları sosial media hesabları yaratmalıdır. Bu sosial media üzərindən öz təbliğatını aparmalıdır. Bu çox vacib məsələdir”.

Deputat həmçinin terrorla bağlı qanunvericiliyə yenidən baxmağı təklif edib: “Haradasa əyləşib Azərbaycan əleyhinə sosial şəbəkə vasitəsilə zəhər axıdan adamlar varsa, onların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir. Biz Suriyada əlinə silah alıb döyüşən adamı vətəndaşlıqdan məhrum etmək və onlara sərt sanksiyalar tətbiq etməklə işimizi bitmiş saymamalıyıq. Eyni zamanda Azərbaycanın hər bir parlament üzvünü, bütün hökumət strukturlarını və məmurları ən azı öz sahələri üzrə dövlət əleyhinə yönələn kampaniyalara cavab verməyə çağırıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti