...

Əli Əhmədov: Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var

Siyasət Materials 28 Noyabr 2018 12:01 (UTC +04:00)
Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var.
Əli Əhmədov: Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov Azərbaycan müəllimlərinin XV qurultayında çıxış edərkən deyib.

Onun sözlərinə görə, cəmiyyətə mənfi təsir göstərən ən böyük faktor təhsil sahəsindəki neqativ hallardır: "Təhsil Nazirliyinin apardığı islahatlar neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar kimi qiymətləndirilir. Təhsil sahəsi üzrə qarşıda dayanan vəzifələr çoxdur. Bu sahədə daha ciddi addımların atılmasına ehtiyac var".

Ə.Əhmədov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan ən cəsarətli addımdır: "Bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq".

Baş nazirin müavini hesab edir ki, Azərbaycan cəmiyyəti bu islahatların faydalarını görməkdədir: "Zənginliyə və yüksək inkişafa çatmış hər bir ölkə bunun üçün təhsilə, elmə borcludur. İnsanı valideynləri ilə yanaşı, həyata hazırlayan ikinci şəxs müəllimdir. Müəllimlər həm insanın, həm cəmiyyətin, həm də dövlətin inkişafında xüsusi rol oynayırlar. Azərbaycan müəllimləri bu vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Azərbaycanda təhsilin inkişafı əsas prioritetlərdəndir, bu sahədə inkişafa nail olmaq üçün əzəmətli işlər görülüb. Dövlətin təhsilə göstərdiyi diqqət yalnız statistik göstəricilərdə öz əksini tapmır. Bu gün müəllimlərin həyat səviyyəsinin yaxşılaşması üçün əhəmiyyətli tədbirlər həyata keçirilir".

Ə.Əhmədov bildirib ki, dövlətin siyasəti və Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyada müəllim və məktəbə yüksək qiymət verilməsi başlıca xətt təşkil edir. Təhsilin infrastrukturunun yaxşılaşdırılması istiqamətində son 15 ildə mühüm addımlar atılıb: "Təhsilin milli sərvətə çevrilməsi növbəti illərdə qarşıya qoyduğumuz əsas vəzifələrdəndir. Digər vəzifə isə təhsilin rəqabətqabiliyyətinin artırılmasıdır. Ölkələr arasında gedən rəqabətdə təhsilə, yeni texnologiyaların inkişafına önəm verən, böyük sərmayələr yatıran dövlətlər qalib çıxacaq. Təhsil Azərbaycan cəmiyyətinin dünyada rəqabətqabiliyyətinin artırılmasına xidmət göstərə biləcək ən fundamental amillərdəndir. Azərbaycan təhsilinin insanların biliklərinin, həyat səviyyəsinin, məşğulluğun yüksəlməsinə xidmət etməsi qarşımızda duran digər vəzifələrdəndir".

O vurğulayıb ki, yüksək təhsilə, biliklərə malik insanlar lazımi təhsil səviyyəsi olmayan işçilərdən 3 dəfə çox əməkhaqqı alırlar: "Bu da təbiidir. İnsanların məşğulluğunun təmin edilməsində onların təhsilli olması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda təhsilin yalnız nəzəri biliklərə deyil, vərdişlərə, bacarıqlara da yönəlməsi vacibdir".

Baş nazirin müavini deyib ki, məktəblərimiz vərdişlərin öyrədilməsinə böyük önəm verməlidir. Məktəbin idarə olunmasının demokratikləşməsi təhsilin qarşısında duran ən böyük vəzifələrdəndir:

"Özəl təhsilə önəm verilməsi və inkişaf etdirilməsi vacibdir. Bu, bir yandan Azərbaycan büdcəsinin yüngülləşdirilməsinə, ikinci tərəfdən də təhsilə qoyulan vəsaitin artmasına gətirib çıxara bilər. Təhsildə rəqabətqabiliyyətliliyin artması, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması dövlət və özəl sektorun bərabər inkişaf etdirilməsi ilə bilavasitə əlaqədardır. Təbii ki, idarəetmədə neqativ hallara qarşı mübarizənin gücləndirilməsinə diqqət etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti