...

Milli Məclisə çevik düşünən, bütün müstəvilərdə dövlətin müdafiəsinə hazır olan millət vəkilləri gərəkdir - Arzuman Abdulkərimov

Siyasət Materials 4 Dekabr 2019 21:08 (UTC +04:00)
Milli Məclisin buraxılması haqqında qərar ölkənin ali qanununa tam uyğundur – dekabrın 4-də Konstitusiya Məhkəməsi ötən həftədən başlayan prosesə hüquqi qiymət verdi.
Milli Məclisə çevik düşünən, bütün müstəvilərdə dövlətin müdafiəsinə hazır olan millət vəkilləri gərəkdir - Arzuman Abdulkərimov

Bakı. Alpər M. Trend:

Milli Məclisin buraxılması haqqında qərar ölkənin ali qanununa tam uyğundur – dekabrın 4-də Konstitusiya Məhkəməsi ötən həftədən başlayan prosesə hüquqi qiymət verdi. Bugündən parlamentin yeni tərkibinin formalaşdırılması prosesini başlamış saymaq olar.

Trend-in məlumatına görə, bunu Ana Vətən Partiyasının sədr müavini, siyasi şərhçi Arzuman Abdulkərimov deyib.

Onun sözlərinə görə, sürətlə yenilənən ölkə gündəmini izlədikcə bəlli olur ki, Prezident İlham Əliyevin hakimiyyət vitrinini tamamilə dəyişmək niyyəti, bunun üçün ən radikal qərarlardan belə çəkinməməsi vətəndaşların idarəetməyə etimadını yüksəldib, gələcəyə inamını artırıb:

"İlin əvvəlindən sürətlənən və noyabrdan məntiqi nəticələrini verən islahatlar dövlət başçısı ilə xalq arasında bağları daha da möhkəmləndirib. Vətəndaş hakimiyyətdə kök salıb funksionallığını itirən, rəhbərlik etdiyi sahəni prezidentin islahat konsepsiyasına uyğunlaşdıra bilməyən, bununla da ətalət mühiti yaradan qurumların, şəxslərin səlahiyyətdən uzaqlaşdırılmasına birmənalı sevinir.

Bu gün ölkədə heç kəs şübhə etmir ki, Azərbaycan Respublikası yeni çağın tələblərinə uyğun, ölkənin qüdrətini artıran, potensialından daha effektiv yararlanmasını təmin edəcək yeni sistem quruculuğu sürəcinə qədəm qoyub".

A.Abdulkərimov qeyd edib ki, Milli Məclisin yeni tərkibi ilə bağlı gözləntilər çoxdan bəllidir: "Azərbaycan parlamenti ölkənin qanunvercilik bazasını gücləndirən, qanunlara təcrübənin tələb etdiyi dəyişiklikləri bir an belə yubatmayan, təşəbbüsçü, qəbul etdiyi qanunların vətəndaşın həyatına təsirini ardıcıl nəzarətdə saxlaya bilən effektiv quruma çevrilməli, bunun üçün Məclisə hər şeydən öncə dövlətçilik təfəkkürü olan vətənpərvər şəxslər seçilməlidir. Milli Məclisin zəifləmiş nüfuzunu yüksəltmək üçün ilk sırada öz deputat mandatına şəxsi biznesinin çətiri kimi baxanların ali qanunverici orqana yolunu kəsmək lazımdır. Azərbaycan cəmiyyəti artıq bu düşüncənin daşıyıcı olan şəxslərin deputatlığını qəbul etmək istəmir.

Sözsüz, həm içəridən, həm də ölkə xaricindən Azərbaycan hakimiyyətinin özünü yeniləmək təşəbbüslərinə qarşı çıxanlar olacaq. Belə təşəbbüsləri böyük ehtimalla həm seçkiyə qədər, həm də seçkidən sonra görəcəyik. Daxildə və xaricdə Azərbaycan iqtidarının əleyhinə köklənən qüvvələr seçki mühitinə etimadsızlıq yaratmağa çalışacaqlar, bunun üçün Azərbaycanın əlaltı dövlət olmasını istəyən qüvvələrlə işbirliyindən çəkinməyəcəklər. İçimizdəki sapı özümüzdən olan baltalar yenə işə düşəcək".

Siyasi şərhçi vurğulayıb ki, biz bu təşəbbüsləri cəmiyyətin birliyi, Prezident İlham Əliyevin başladığı islahat kursuna tam dəstəklə aşa bilərik: "Yeni tərkibdə təmsil olunanlar artıq keçmiş parlament kimi kənar təhdidləri qulaqardı edib susmağı yox, dövlətin, bütünlükdə hakimiyyətin, dövlətin simvolu olan dövlət başçısının ünvanına səslənən hər bir fikri şəxsi məsələsi kimi qəbul edib, dövlətçiliyə uzanan dillərə layiqli cavab verməyi seçməlidir. Milli Məclisə güclü iqtisadçılar, hüquqşünaslar, siyasətçilər gərək olduğu kimi, çevik düşünən, bütün müstəvilərdə dövlətin müdafiəsinə hazır olan millət vəkilləri gərəkdir.

Bu gün hər bir vətəndaşı özünü düşüncəsində yaratdığı və görmək istədiyi firavan, güclü, qalib, bütöv Azərbaycanın qurucusu kimi hiss etməli, dövlətin dayaqlarının möhkəmləndirilməsini özünün birinci vəzifəsi hesab etməlidir. Azərbaycan Respublikasını sivil, güclü dövlət kimi görmək üçün yola çıxan hər kəsə uğurlar!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti