...

Rauf Əliyev: Azərbaycan xalqı 1941-1945-ci illər müharibəsinin qələbə ilə başa çatdırılmasında böyük rol oynayıb

Siyasət Materials 6 May 2020 13:01 (UTC +04:00)
Rauf Əliyev: Azərbaycan xalqı 1941-1945-ci illər müharibəsinin qələbə ilə başa çatdırılmasında böyük rol oynayıb

Bakı. Trend:

9 May 2020-ci il tarixdə 1941-1945-ci illər müharibəsinin qələbə ilə başa çatmasının 75 illiyi qeyd olunacaq. “Böyük Vətən müharibəsi” kimi tarixə düşən bu müharibəyə Azərbaycan 600 mindən çox oğul və qız göndərmişdi. Onlardan 40 min nəfəri könüllü olaraq cəbhəyə yollanmışdı. Azərbaycandan cəbhəyə səfərbər olmuş 600 min adamdan yarıdan çoxu həlak olmuş və itkin düşmüş, 123 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Müharibə illərində ordu sıralarında nəinki azərbaycanlı kişilər, hətta qocalar və qadınlar da səfərbər olmuş, qəhrəmanlıqları ilə tarixə düşmüşdür. Bu müharibə əvvəlki müharibələrdən fərqli olaraq, süvari və piyadaların deyil, ilk növbədə motorların, tankların, qırıcı və bombardmançı təyyarələrin, digər döyüş maşınlarının müharibəsi olmuşdur. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. Müharibə illərində Bakı bütün ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-ni verirdi. Bir sözlə, 1941-1945-ci illər müharibəsində Azərbaycan xalqı daha çox itkilərə və məhrumiyyətlərə məruz qalmış, düşmən üzərində qələbə qazanılması üçün var qüvvəsini sərf etmişdir.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndən sonra müharibə veteranlarına münasibət dəyişmiş, onların xidmətləri çox yüksək qiymətləndirilmişdir. Ulu öndər veteranlara dövlət qayğısı göstərilməsi haqqında 1994-cü ildə müvafiq fərman imzalamışdı. Ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğı ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də yüksək səviyyədə davam etdirilir. Ölkə Prezidentinin müvafiq fərman və sərəncamları ilə 1941-1945-ci illər müharibəsində qələbənin 60 illiyinə, 65 illik və 75 illik yubileylərinə həsr olunmuş tədbirlər keçirilmişdir. Hər il müharibə iştirakçılarına, həlak olanların dul arvadlarına, arxa cəbhədə fədəkar əməyə görə orden və medallarla təltif olanlara birdəfəlik yardımın miqdarı artırılır. Torpaqlarının 20%-i düşmən işğalı altında olan, müharibə şəraitində olan ölkəmizdə müharibə veteranlarına göstərilən bu diqqət və qayğının, bu istiqamətdə həyata keçirilən tədbirlərin cəmiyyətdə vətənpərvərlik tərbiyəsi nöqteyi-nəzərindən çox böyük əhəmiyyəti vardır.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan xalqı və onun igid oğlanları 1941-1945-ci illər müharibəsində qələbə ilə başa çatdırılmasında böyük rol oynamışdır.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti