...

Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı Bolqarıstan KİV-də məqalələr dərc olunur (FOTO)

Siyasət Materials 10 İyul 2020 16:09 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı Bolqarıstan KİV-də məqalələr dərc olunur (FOTO)

Bakı. Trend:

Bolqarıstan KİV-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Azərbaycan Ordusu haqqında məqalələr dərc olunmuşdur. Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın müəllifi olduğu məqalələr Bolqarıstan Respublikası Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin internet səhifəsində “Azərbaycan ordusu Cənubi Qafqazda ən güclüsüdür” adı, “Bolqarıstan Ordusu” qəzetində “Bu gün Azərbaycanın ordusu bayramını qeyd edir” və “Azərbaycan ordusu Cənubi Qafqazda ən güclüsüdür” başlığı, nüfuzlu “Fokus” xəbər agentliyinin internet səhifəsində “Azərbaycanın səfiri Nərgiz Qurbanova: Azərbaycanda müstəqil dövlət quruculuğunun ən vacib uğurlarından biri silahlı qüvvələrin yaradılmasıdır” sərlövhəsi ilə dərc olunmuşdur. Bundan başqa, səfir Nərgiz Qurbanovanın “Focus” Xəbər Agentliyinin və “Focus” radiosunun rəsmi internet səhifəsində mətn və audio variantda yayımlanmış müsahibəsində də Azərbaycanda Ordusunun şərəfli tarixinə və müasir potensialına ayrıca yer verilmişdir.

Məqalələrdə Azərbaycanda müstəqil dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri olaraq silahlı qüvvələrin yaradılması göstərilir. Qeyd olunur ki, bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanı olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlət müstəqilliyinin bərpasından öncə və sonra çətin sınaqlardan keçmiş, sözün həqiqi mənasında mətinləşmişdir. Hərb tariximizin şanlı keçmişinə nəzər salınaraq görkəmli sərkərdələr və onların qəhrəmanlıqları qürur hissi ilə xatırlanır. Bildirilir ki, milli ordumuzun yaradılması tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun (Əlahiddə Azərbaycan Korpusu) yaradılmasına başlanılmış, avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis olunmuşdur. Milli ordunun yaradılmasında Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və başqa peşəkar hərbçilər müstəsna rol oynamış, AXC-nin müdafiəsinin təşkilində, hərbi strukturların formalaşmasında misilsiz fədakarlıqlar göstərmişlər. Ardınca Böyük Vətən müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlardan bəhs olunur.

Müəllif istər Sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycanda hərbi təhsilə xüsusi əhəmiyyətin verilməsində, soydaşlarımızın yeniyetmə yaşlarından hərb sənətini öyrənməyə başlamasında Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin müstəsna xidmətini qeyd edir. Ümummilli liderin dövlət quruculuğu, o cümlədən hərbi quruculuq istiqamətində təxirəsalınmaz tədbirləri sadalanır. Bu gün Azərbaycan Ordusunda xidmət edən zabitlərin əksəriyyətinin məhz dahi siyasi xadimin qayğısı sayəsində Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Çin, İtaliya, Rumıniya və digər ölkələrin akademiyalarında təhsil aldıqları qeyd olunur. Sonra isə ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün, yəni 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunduğu diqqətə çatdırılır.

Məqalələrdə qeyd olunur ki, Azərbaycan Ordusunun müasir standartlar əsasında yenilənməsi və təkmilləşdirilməsi möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Hazırda, öz təşkilat strukturuna, təlim imkanlarına, hərbi təchizatına və s. xüsusiyyətlərinə görə yüksək standartlara cavab verən Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək döyüş hazırlığına görə Müstəqil Dövlətlər Birliyi məkanında ön sıralarda qərarlaşmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi, hərbi təhsil, hərbi-siyasi və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda kompleks fəaliyyət həyata keçirir. Azərbaycan Ordusunun şəxsi heyəti regional və beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli hərbi təlimlərdə iştirak edir.

Məqalədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin region və region xaricində təhlükəsizliyin təmin olunması, beynəlxalq strateji əhəmiyyətli layihələrin mühafizəsi və beynəlxalq təhlükəsizliyə töhfəsinə dair geniş məlumat verilir. Qeyd olunur ki, 1992-ci ilin mart ayından etibarən müxtəlif proqramlar çərçivəsində NATO ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirən Azərbaycan 1999-cu ildən etibarən öz hərbi qüvvələri ilə sülhməramlı əməliyyatlara dəstək verir. 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı NATO-nun rəhbərliyi altında Kosovoda sülhyaratma və sülhü dəstəkləmə əməliyyatlarda iştirak etmişdir. 2002-ci ildən Azərbaycan Ordusunun taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü 2003-2008-ci illərdə İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərmişdir. 2015-ci ilin yanvar ayından NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin kontingenti rotasiya planına uyğun olaraq xidmət edir. Ümumiyyətlə, 1999-cu ildən müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan Ordusunun 3000-dən artıq hərbi qulluqçusu iştirak etmişdir.

İkitərəfli hərbi əməkdaşlıq üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xarici dövlətlərin silahlı qüvvə və hərbi sənaye kompleksləri arasında əməkdaşlığa toxunan müəllif Bolqarıstanda daxil olmaqla, Azərbaycan dünyanın 40-a yaxın ölkəsi ilə hərbi əməkdaşlıq həyata keçirdiyini qeyd edir. Bildirilir ki, 2017-ci ildə Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun və 2018-ci ildə Bolqarıstan Respublikası Baş nazirinin müavini, müdafiə naziri Krasimir Karakaçanovun Azərbaycana səfəri, eyni zamanda 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun Bolqarıstana səfəri və baş tutmuş yüksək səviyyəli görüşlər qarşılıqlı hərbi əməkdaşlığımızın ən bariz nümunəsidir. Hərbi əməkdaşlığımızın hüquqi əsasını 2002-ci il sentyabrın 25-də Sofiya şəhərində imzalanmış “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Bolqarıstan Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təşkil edir. Bundan başqa, 2017-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyası arasında elmi tədqiqatlar, təcrübə mübadiləsi, müştərək tədbirlərin keçirilməsi, tədris və qarşılıqlı maraq doğuran digər məsələlərə dair əməkdaşlıq sənədi imzalanmışdır.

Səfir qeyd edir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin potensialı və müdafiə qüdrətinin artması beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmamışdır. ABŞ-ın müstəqil “Qlobal Firepower” təşkilatının 2020-ci il hesabatına görə 138 ordu arasında Azərbaycan Silahlı Qüvvələri 64-cü yerdə qərarlaşmış və regionun lideri olaraq seçilmişdir. Məqalədə həmçinin qeyd olunmuşdur ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanı daim güclü və istənilən hücuma çevik cavab verəcək ordu yaratmağa məcbur edir. Regionda sülhün tərəfdarı olan Azərbaycan heç vaxt beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə barışmayacaqdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. BMT nizamnaməsinin 7-ci fəslinin 51-ci maddəsinə əsasən hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün hərbi yoldan istifadə edə bilər və Azərbaycan dövləti bu hüququ özündə saxlayır.

Sonda xatırladılır ki, 8-10 sentyabr 2020-ci il tarixində Azərbaycan 4-cü Beynəlxalq “ADEX” hərbi sərgisinə ev sahibliyi edəcək. “ADEX” sərgisi regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunmuş ən nəhəng tədbirdir və iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün unikal imkan yaradır. Məqalədə “ADEX” sərgisində iştiraka dəvət qeyd olunaraq qarşılıqlı faydalı hərbi əlaqələrin daha da gücləndirilməsinə çağırış edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti