...

Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub

Siyasət Materials 15 Dekabr 2020 13:56 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 dekabr 2020-ci il tarixdə ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə onların müraciətinə əsasən qəbul etmişdir.

Cənab Prezident keçirilən görüşdə bu qrupun fəaliyətindən danışarkən bu qrupun fəaliyətini ciddi surətdə tənqid etmişdir. Məlumdur ki Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə yaranmışdı. Ancaq Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. 10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişdilər. Azərbaycan bu bəyannaməni dəstəkləsə də, müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar vermişlər. Münaqişənin həlli üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Sual olunur BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində bu münaqişə niyə həll olunmurdu. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının dami üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensiallarından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib. Ermənistana ciddi sanksiyalar tətbiq olsaydı, işğalçı öz qüvvələrini geri çəkərdi. Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Münaqişənin dondurulmuş kimi qalması beynəlxalq vasitəçiləri qane edib. Minsk qrupunun gələcək mandatı şübhəlidir və Azərbaycanla razılaşdırılmalıdır. Cənab Prezident İlham Əliyev görüşdə qeyd etmişdir: “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim qoy gəlsinlər, etiraz etmirəm”. Cənab Prezident bununla nüfuzlu beynəlxalq müşahidəçilərə bildirdi ki, artıq onların vasitəçiliyinə ehtiyac qalmayıb. Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilmişdir. Status-kvo güc yolu ilə, Azərbaycan dövlətinin iradəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirilən və həyata keçirilən balanslaşdırılmış, müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti