...

Baydenin “soyqırım” kontekstində işlətdiyi ifadə qəbuledilməzdir - Deputat

Siyasət Materials 25 Aprel 2021 18:37 (UTC +04:00)
Baydenin “soyqırım” kontekstində işlətdiyi ifadə qəbuledilməzdir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

ABŞ prezidenti Baydenin "soyqırım" kontekstində işlətdiyi ifadə qəbuledilməzdir, yolverilməzdir və böyük siyasi böhrana yol aça bilər. Hətta güman ki, açacaq da. Çünki belə bir soyqırım yoxdur, heç zaman da olmayıb. Bu yalnız erməni əfsanəsidir, nağılıdır, uydurmasıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, ermənilər bütün soyqırımları zaman-zaman özləri törədiblər: "Qətl, qan, terror, təxribat məhz erməni fəlsəfəsinin əsasını təşkil edir. Ən son sübut kimi həmin terrorçu ermənilər tərəfindən törədilən Xocalı qətliamını, soyqırımını göstərmək olar. O ermənilər ki, 3 yaşında körpəyə, 80 yaşında ahıla belə rəhm etməyiblər. Üstəlik, bu yaxın keçmişdir və ABŞ-ın özünün də bəzi ştatları Xocalı soyqırımı faktını təsdiqləyib. İndi məlum Xocalı soyqırımını törədən ermənilər necə başqasını soyqırım cinayətində ittiham edə bilər? Və ən əsası: erməni yalanını, nağılını Amerika nəhəngliyində dövlətin başçısı necə "soyqırım" adlandıraraq öz dilindən səsləndirə bilər?

Bu qədər ədalətsizlik olmaz axı". Deputat vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə müraciət edib ki, tarixi faktlar araşdırılsın, arxiv yenidən açılsın,əsl gerçəklər daha dərindən üzə çıxsın: "Amma erməni tərəfi hər zaman bu təklifdən boyun qaçırıb, yayınıb. Niyə? Çünki anlayırlar ki, hər şey araşdırılsa Ermənistan daha böyük biabırçılıqlarla üzbəüz qalacaq. Çünki fərqindədirlər ki, məsələ kökündən çözülməli olsa Ermənistanın daha yeni və daha böyük cinayətləri üzə çıxacaq".

Deputat vurğulayıb ki, əsl cinayətkar və soyqırım törədən ölkə Ermənistandır: "Tarixi, ənənəsi, dövlətçilik sütunu olmayan bu bədnam ölkə daim öz saxtakarlığı ilə gündəmdə qalmağa çalışıb. Eyni zamanda bu mövzuda absurd filmlər çəkib, özünə absurd tarix yazıb, öz timsalında saxta məzlum obrazı düzəltməyə çalışıb. Amerika bunları görmürmü? Amerika bu dərinlikləri, əsl mahiyyəti guya bilmirmi? Özünü fövqəlgüc adlandıran ABŞ kimi bir dövlət həqiqətən hər şeyin düzgün və dəqiq olmasını istəyirsə, o zaman cənab Ərdoğanın illər öncə səsləndirdiyi təklifə dəstək çıxsın, tarixi araşdırmaların həyata keçirilməsində maraqlı olsun, əsl gerçəyin ardınca getsin. Yox əgər bunu bacarmırsa, o zaman sussun və Türk millətinin heysiyyatına toxunmasın. Ermənistan kimi terror dövlətini hətta yadplanetlilər də dəstəkləsə xeyiri olmayacaq. Türk adına kimsə ləkə vura bilməz. Çünki Türk əzəmətlidir, haqlıdır, düzdür və öz həqiqətlərini də hər zaman sübut eləməyə qadirdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti