...

Soçi görüşü Ermənistanı 10 noyabr bəyanatından yayınmaq imkanlarından məhrum etdi - Deputat

Siyasət Materials 29 Noyabr 2021 10:21 (UTC +04:00)
Soçi görüşü Ermənistanı 10 noyabr bəyanatından yayınmaq imkanlarından məhrum etdi - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş Ermənistanı 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməkdən yayınmaq imkanlarından tamamilə məhrum etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, görüş nəticəsində qəbul edilən bəyanat Azərbaycanın haqlı mövqeyini əks etdirirdi:

“Bu bəyanatı, Soçi görüşünün nəticələrini Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi qiymətləndirmək olar. Bəyanatda Azərbaycanın mövqeyi qeyd-şərtsiz əks olunur. Vacib məsələlrdən biri odur ki, bəyanatda Ermənistanın daim gündəmə gətirməyə çalışdığı status, hərbi əsir və girov iddiaları ilə bağlı heç bir ifadə yoxdur. Soçi bəyanatı 10 noyabr bəyanatının yerinə yetirilməsini məcburi edən bir sənəddir.

Bu bəyanatda sərhədlərin delimitasiyasi, avtomobil və dəmiryollarının açılması kimi vacib məqamlar öz əksini tapır. Ermənistanın baş naziri Nikol Paşinyan indiyə qədər müxtəlif bəhanələrlə 10 noyabr bəyanatını yerinə yetirməkdən yayınsa da artıq onun qarşısında belə bir imkan qalmır. Çünki o, Soçi grüşünün bəyanatına imza atmaqla dolayısı yolla özü də 10 noyabr bəyanatını yerinə yetirmək məcburiyytində olduğunu təsdiq etdi”, - deyə A.Həsənova bildirib.

Deputat qeyd edib ki, bundan sonra bölgədə yaranmış yeni reallıqlarla barışmaq məcburiyyətində olan Paşinyanın qarşısında dayanan əsas məsələ Ermənistanda ictimai rəyi Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini tanımağın qaçılmaz olduğuna inandırmağa çalışmaq olacaq:

“Paşinyan Soçi görüşünün yekunu olaraq keçirilən mətbuat konfransında “Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm” deməklə regionda yaranmış yeni reallıqları qəbul etdiyini təsdiq etmiş oldu.
Bu görüş eyni zamanda Ermənistanda revanşist qüvvələrə ciddi bir mesaj idi. Artıq onların hər hansı bir iddialarla çıxış etmək, yeni təxribatlara əl atmaq imkanları qalmır çünki Soçi görüşünün nəticələri bir daha təsdiq etdi ki, revanşist meyllərin baş qaldırması Ermənistana yalnız fəlakət gətirəcək”, - deyə A.Həsənova bildirib.

Deputat qeyd edib ki, bu gün sosial-iqtisadi böhran içində çabalayan Ermənistan üçün yeni reallıqları qəbul edib əməkdaşlığa qoşulmaqdan başqa heç bir şans qalmayıb:

“Azərbaycan ərzilərini 30 il işğal altında saxlamaqla Ermənistan özünü dalan ölkəyə çevirib, bütün inkiaf proseslərindən kənarda qalıb, regional layihələrdən təcrid olunub. Azərbaycan öz torpaqlarını hərbi yolla azad etsə də, yenə də humanistlik göstərərk Ermənistana əməkdaşlıq etmək, regional inkişaf proseslərindən faydalanmaq şansı verir. Ermənistan bu şansı düzgün qiymətləndirməli və yaranmış yeni əməkdaşlıq mühitindən yayınmamalıdır. Çünki bunun əksi Ermənistan üçün yaxşı heç nə vəd etmir və Soçi görüşü bunu bir daha təsdiq etdi”, - deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti