...

Vaxtında görülən zəruri tədbirlər Azərbaycan iqtisadiyyatına mənfi təsirləri neytrallaşdırmağa imkan verir - Sevil Mikayılova

Siyasət Materials 15 Mart 2022 17:04 (UTC +04:00)
Vaxtında görülən zəruri tədbirlər Azərbaycan iqtisadiyyatına mənfi təsirləri neytrallaşdırmağa imkan verir - Sevil Mikayılova

Bakı. Trend:

Ərzaq təhlükəsizliyi hər bir ölkədə olduğu kimi, Azərbaycanda da strateji dövlət siyasəti olaraq müəyyənləşir. Dövlətimiz tərəfindən vaxtında görülən zəruri tədbirlər Azərbaycan iqtisadiyyatına mənfi təsirləri neytrallaşdırmağa, ərzaq təhlükəsizliyini təmin etməyə imkan verir. Bunun nəticəsidir ki, 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyini təmin etmək mümkün olub.

Trend xəbər verir ki, bunu deputat Sevil Mikayılova Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

"Bununla yanaşı, 2021-ci ildə əvvəlki illə müqayisədə orta illik inflyasiya 6.7% təşkil edib. İstehlak qiymətləri isə 4.2% artıb, qeyri-ərzaq məhsullarının qiymət artımı 5.1% olub. İnflyasiyaya səbəb olan amillər sırasında qlobal tələbin artması, quraqlıq, anti-Covid məhdudiyyətləri, istehsal, yanacaq, gübrə, logistika xərclərinin artması kimi amillər göstərilir. Hesabatda göstərildiyi kimi, bir sıra xarici təsirlərin olması nəticəsində 2021-ci ildə idxal olunan məhsulların qiymətləri əvvəlkindən daha da yüksək olub. Kənd təsərrüfatı məhsulları üzrə istehsalçı qiymətlərin artması aqroinflyasiya prosesini də sürətləndirib. Bu isə kənd təsərrüfatı səhəsində məhsuldarlığın artırılmasını, xüsusən, strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsini zəruri edir. Bu səbəbdən aqrar sektorda innovativ texnologiyalardan istifadənin genişləndirilməsi, xüsusən, irriqasiya sahəsində müasir üsulların tətbiqi yüksək məhsuldarlığa nail olmaq üçün çox vacibdir", - deyə S.Mikayılova qeyd edib.

Onun sözlərinə görə, təmsil etdiyi Xaçmaz rayonu ölkəmizin məhsuldar aqrar rayonlarından biridir. Rayonda istər içməli, istərsə də suvarma suyu təminatı ilə bağlı problem aktual olaraq qalır.

"Təəssüf ki, su problemi artıq yalnız isti, quraqlıqla müşayiət olunan yay aylarında deyil, qış, payız aylarında da yaşanır. Ümumiyyətlə, regionda su təsərrüfatı sisteminin yenidən qurulmasının sürətləndirilməsi günün tələbidir və aidiyyəti qurumlar bu sahədə çevikliyi artırmalıdırlar. Bu, ölkənin ərzaq təhlükəsizliyi kimi strateji hədəfinə nail olmaq üçün həyati vacib əhəmiyyət kəsb edən məsələdir.

Hesabatdan da aydın olduğu kimi, qeyri-neft sektorunun inkişafı milli iqtisadiyyat üçün əsas hədəf olaraq qalır və mövcud potensialdan istifadə edərək iqtisadiyyatın şaxələndirilməsi dövlətimizin əsas strateji kursudur. Bu mənada, əlavə dəyər yarada biləcək sahələrdən biri turzim sektorudur. Ölkəmizin bu sahədə kifayət qədər yüksək potensialı var və daxili turizmin inkişafı iqtisadiyyatımız üçün əlavə imkanlar açır, bu, biznesin möhkəmləndirilməsi baxımından da vacibdir, ən mühüm olanı isə vətəndaşlarımızın istirahətinin təmin olunmasıdır. Yeri gəlmişkən, rayonumuzda aqroturizmin inkişaf etdirilmısi məqsədəuyğundur. Odur ki, turizm sahəsinə güzəştli kredit ayırmalarını artırmaq, əlavə investisiyaların cəlb olunması üçün də real addımların atılması çox yaxşı olardı. Bununla bağlı Dövlət Turzim Agentliyinin vəziyyətə uyğun olaraq bölgələr üzrə xüsusi təkliflər paketi hazırlayıb təqdim etməsinə, məncə, ehtiyac var. Çalışıb bu potensialdan tam yararlanmaq lazımdır, ilk növbədə, vətəndaşlarımızın rifahı üçün.

Bundan əlavə, rayonumuzda mədəniyyət müəssisələrinin (mədəniyyət klubları, kitabxanalar, diyarşünaslıq müzeyləri) vəziyyəti qeyri-qənaətbəxşdir. Sakinlərin istirahəti, asudə vaxtın təşkili üçün bu müəssisələrin qeydiyyata alınaraq bərpasına və yenidən qurulmasına hökumətin xüsusi diqqət ayırmasına ehtiyac var", - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti