Bakı. Trend:
1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyini qanı bahasına yenidən bərpa etdi. Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir tarixi mərhələ idi. Lakin təəssüflər olsun ki, bu tarixi hadisə heç də istədiyimiz nəticəni vermirdi. O zamankı hakimiyyətini səriştəsizliyi nəticəsidə ölkəmiz yenidən öz müstəqilliyini itirmək astanasında idi.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, 1993-cü ilin yayında ölkədə vəziyyət son dərəcə ağırlaşdı, hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı iqtidar 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.
“Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən isə Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha da çətinləşdirirdi.
Belə bir vəziyyətdə xalqımız vəziyyətdən yeganə çıxış yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü”, - deyə deputat bildirib.
Deputat deyib ki, Vətəninə böyük sevgi bəsləyən Ulu öndər xalqın, dövlətin bu çətin günündə xalqın səsinə səs verdi, bu çətin işin ağır məsuliyyətini öz çiyinlərinə götürdü.
“Vətənin bu ağır günündə xalqın tələbi ilə Bakıya qayıdan ümummilli liderin böyük səyləri nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, vətəndaş müharibəsinin qarşısı alındı, siyasi sabitlik təmin edildi, erməni təcavüzünün qarşısı alındı, ölkəmiz qısa zaman ərzində böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu.
Bu gün Azərbaycan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan möhkəm təməllər üzərində inkişaf edir. Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfinədn dövrün tələblərinə uyğun zənginləşdirməklə uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan güclü, müasir, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib”,- deyə deputat bildirib.
A.Həsənova əlavə edib ki, Azərbaycanın qüdrətli ölkəyə çevrilməsi erməni işğalına son qoymağa imkan verdi, o zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində işğal edilən torpaqlarımız 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində azad olundu və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.