...

Mətbuatın beynəlxalq əməkdaşlıqda uğurları onun peşəkarlığından çox asılıdır - Aslan Aslanov

Siyasət Materials 22 İyul 2022 20:12 (UTC +04:00)
Mətbuatın beynəlxalq əməkdaşlıqda uğurları onun peşəkarlığından çox asılıdır - Aslan Aslanov

Bakı. Trend:

Mətbuatın beynəlxalq əməkdaşlıqda uğurları onun peşəkarlığı, jurnalistika ənənələrinə sadiqliyi, yeni texnologiyaların tətbiqi, etibarlı xəbər mənbəyi imicinin qorunması kimi amillərdən çox asılıdır.

Trend xəbər verir ki, bunu Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda çıxış edərkən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib.

Forumun mediadakı yeni trendləri birlikdə müzakirə etmək baxımından əhəmiyyətini vurğulayan A.Aslanov bildirib ki, sosial media dövründə etibarlı xəbər mənbələrinə ehtiyac durmadan artır. Bu səbəbdən də media qurumları, xüsusən də informasiya agentlikləri xəbər istehsalında təcrübəsi olan, informasiyaları dəqiqliyi ilə seçilən tərəfdaşlarla çalışmağa üstünlük verirlər. Müasir dövrün tendensiyaları da digər tərəfdən mətbuatın beynəlxalq əməkdaşlığının vacibliyini şərtləndirən amillərdən biri kimi çıxış edir.

Media sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərinin KİV-lərin informasiya mübadiləsi aparması və qabaqcıl təcrübələrdən qarşılıqlı şəkildə yararlanması olduğunu vurğulayan A.Aslanov deyib: “Belə yanaşma media orqanlarının təşkilatlanmasına, peşəkarlıqlarının artmasına, mətbuatın problemlərini təhlil etmək üçün konfrans və seminarların təşkili kimi vasitələrdən geniş istifadə etməsinə şərait yaradır. Bu baxımdan Azərbaycan media subyektlərinin beynəlxalq informasiya qurumlarında təmsil olunması önəmlidir. Düşünürəm ki, Azərbaycan mediasının beynəlxalq əlaqələri indi daha fəaldır, daha genişdir. Əminəm ki, media sahəsində həyata keçirilən islahatlar, tətbiq edilən yeniliklər mətbuatın beynəlxalq əməkdaşlığının daha da güclənməsinə töhfə verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti