Bakı. Trend:
Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri cənab Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, görüşdən əvvəl İsrailin nümayəndə heyəti
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının
xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil
qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.
İsrailin Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər
iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq
“Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamladıqdan sonra hər iki
ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə
dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda
təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd
edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən cənab B.Qans isə öz
növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin
vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin
əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki
sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı
hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də
qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.