Bakı. Trend:
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar azərbaycanlı fəalların Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirdiyi etiraz aksiyasını dəstəkləyib.
Trend-in məlumatına görə, bunu bu gün Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar "Twitter" hesabında qeyd edib.
“Azərbaycanın təbii sərvətlərini talayanlara qarşı mübarizə göstərən QHT-ləri dəstəkləyirik - deyə paylaşımda bildirilib.
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası üçüncü gündür ki, davam edir.
Xatırladaq ki, etiraz aksiyası Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar keçirilir. Etirazçılar sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər.