...

Türkiyə İrandan Azərbaycanın səfirliyində törədilən terror aktına ən qısa zamanda aydınlıq gətirməsini gözləyir - Çavuşoğlu

Siyasət Materials 28 Yanvar 2023 22:03 (UTC +04:00)
Türkiyə İrandan Azərbaycanın səfirliyində törədilən terror aktına ən qısa zamanda aydınlıq gətirməsini gözləyir - Çavuşoğlu

Bakı. Trend:

Türkiyə İrandan Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumuna ən qısa zamanda aydınlıq gətirməsini gözləyir. Bu cinayətin arxasında kimin dayandığını müəyyən etmək vacibdir.

Trend xəbər verir ki, bunu şənbə günü Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib.

Nazir xatırladıb ki, son zamanlar Azərbaycanın xaricdəki müxtəlif diplomatik nümayəndəliklərinə qarşı terror aktları qeydə alınır.

"Parisdə iki insident baş verib. Həmçinin Livanda radikal ermənilərin qanunsuz əməlləri qeydə alınıb. Daha bir radikal qrup Azərbaycanın Londondakı səfirliyinin ərazisinə daxil olub. Bu dəfə isə Azərbaycanın İrandakı səfirliyində terror aktı törədilib", - deyə M.Çavuşoğlu bildirib.

XİN rəhbəri Tehrandakı hücumun tam mənzərəsinin aydınlaşdırılmasının vacibliyini vurğulayıb və "İran və Azərbaycan arasında səmimi əməkdaşlığa" ümid etdiyini bildirib.

"Qonşu İrandan bu terror aktının səbəbini və sifarişçilərinin kimin və kimlərin olmasından asılı olmayaraq aydınlıq gətirməsini gözləyirik. Bütün məlumatlar Azərbaycan tərəfinə verilməlidir. Biz bunu vacib hesab edirik. Bu hücumda iştirak edənlərin hamısı məsuliyyətə cəlb edilməlidir", - deyə nazir bildirib.

M.Çavuşoğlu bir daha vurğulayıb ki, “Azərbaycan heç vaxt tək olmayıb və olmayacaq da!”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti