...

Düşmənləri üzən ZƏFƏR - Ərdoğanın qələbəsi Türk Dünyasını böyük bəladan xilas etdi

Siyasət Materials 29 May 2023 00:14 (UTC +04:00)
Düşmənləri üzən ZƏFƏR - Ərdoğanın qələbəsi Türk Dünyasını böyük bəladan xilas etdi
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə prezident seçkilərinin ikinci turunun nəticələri açıqlandı. Hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qələbəsi rəsmiləşib. Uzun zamandır Türkiyənin inkişafını, onun dünyanın lider ölkəsinə çevrilməyi həzm edə bilməyənlərin KIlışdaroğlu layihəsi iflasa uğradı. Bu dəfə də qazanan müdrik türk xalqı oldu.

Onlar öz doğru qərarını verməklə Türkiyənin İraq və Suriya taleyini yaşamasını əngəlləməklə yanaşı, ölkəyə uzanan yad əlləri də kəsdilər. Bununla da qardaş Türkiyə böyük bir bəlanın pəncəsindən xilas edildi. Bu bəla isə bu zamana kimi eyni talehi yaşayan müsəlman ölkələrin bir çoxunun başına gətirilib. Buna görə ən çox üzülənlər türk düşmənləri, Türk Dövlətləri Təşkilatının böyüməsindən, güclənməsindən, dünyanın aparıcı Alyansına çevrilməsindən narahatlıq keçirənlər oldu. Türkiyə Qərbin əlində alət olmaqdan qurtulmaqla, özü ilə bərabər yeni dirçəlməyə başlayan türk dünyasının beşikdəcə boğulmasına imkan vermədi.

21 il ərzində keçirilən bütün seçkilərin qalibi kimi Türkiyə tarixinə keçən R.T. Ərdoğan amili bu dəfə də öz sözünü dedi, türk milləti üçün digər aktorların, kənar qüvvələrin qurduqları planların önünə keçdi. Böyük Türkiyə xalqı müxalifətin formalaşdırdığı “altılı masa” Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna şans vermədi. Çünkü yaxşı bilirdilər ki, bu şans əcəllə "dansa" bərabər ola bilərdi. Ona görə ki, dünyanın ən böyük, ən qüdrətli millətini məhv edib, onun qüdrətlənməsini həzm edə bilməyən qüvvələr pusquda, əllərində "süngü" hazır gözləyirdilər. Amma əllərində və üzərlərində olan bütün deşici, kəsici hər şey Türkiyədə prezident seçkilərinin ikinci-həlledici turunun nəticələri açıqlandıqdan sonra böyük ehtimalla indi onların özlərini doğrayır.

Qərb Kılıçdaroğlu layihəsi üzərindən türkün birliyini, bütövlüyünü əlindən alıb, pərəm-pərəm salmaq niyyətində idi. Təbii ki, Kılıçdaroğlu qalib gəlsəydi həm Türkiyənin, həm də türk dünyasının aqibətini təsəvvür etmək belə qorxulu gəlir. Azərbaycanın əvəzinə türkün düşməni olduğu son dönəmlər özünü daha çılpaqlığı ilə büruzə verən İranı və eləcə də Ermənistanı, Qarabağın yerinə Kandili üstün tutan birisinin Türkiyə və türk dünyasına hansı zərbələr vura biləcəyini təxmin etmək çətin deyildi.

Qərb zəhərli ideologiyasını Kılıçdaroğlu vasitəsi ilə Türkiyə üzərindən Türk Dünyası Dövlətlərinə tətbiq etməyi hesablamışdı. Beləcə, Türkiyə və türk dünyası, o cümlədən Bakı – Ankara qardaşlığının üzərini alan qara buludlar sovuşdu. R.T.Ərdoğanın təbirincə desək, “bye-bye Kamal”.

Türkün ən böyük dostu qalib oldu. Bunu Ərdoğan bir daha təsdiqlədi və onun dəqiqələr öncə çıxışı zamanı ilk cümləsindəcə "Bu gün Türkiyə qazandı, bu gün Azərbaycan qazandı, bu gün Qarabağ qazandı!" ifadələrinə yer verməsi çox güman ki, Azərbaycan düşmənləri üçün də sillə idi.

Nəticələr rəsmi açıqlanar-açıqlanmaz Prezident İlham Əliyev Ərdoğana zəng etdi və bunu Ərdoğan ilk qələbə çıxışındaca xüsusi vurğuladı. Dövlət başçımız Ərdoğanı Azərbaycana səfərə dəvət etdi. Bütün bunlar gəlcəkdə bizi çox maraqlı proseslərin gözlədiyinə bir mesajdır. Artıq çox ıəminliklə bir şeyi deyə bilərik - “ Yeni Türk əsri” start götürür. Tarixə baxın - 28 mayda. 105 il öncə məhz bu gün Şərqdə və türk dünyasında ilk demokratik cümhuriyyət elan edilmişdi, 105 il sonra, məhz mayın 28-də növbəti dəfə tarix yazıldı.

Zərrə qədər də şübhə edilmir ki, Azərbaycan - Türkiyə qardaşlığı bundan sonra daha da güclənəcək. Türk dünyası ölkələrinin inteqrasiya yolunda çiyin-çiyinə irəliyə doğru addımladıqları yeni eranın başlanğıcı olacaq və bu yolda daha böyük Zəfərlərin şahidi ola biləcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti