Bakı. Trend:
Mayın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda vurğulanıb ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türkiyə xalqı ölkənin hərtərəfli çiçəklənməsi yolunda öz liderinin genişmiqyaslı fəaliyyətini və xidmətlərini yüksək qiymətləndirib, bu seçkilərdə də ona etimad göstərib.
Milli iradənin və demokratiyanın təntənəsi olan bu səsvermənin
nəticələrinin Azərbaycanda da böyük sevinc və coşqu ilə
qarşılandığı diqqətə çatdırılıb.
Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inama, etimada,
dəstəyə əsaslanan və dövlət başçılarının rəhbərliyi ilə bu gün
müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə
yüksəlmiş Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin bundan
sonra da yüksələn xətlə inkişaf edəcəyinə və hər iki ölkənin
xalqlarının rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.