Bakı. Trend:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ermənistanın Laçın sərhəd nəzarət buraxılış məntəqəsi ilə bağlı tələbini tamamilə rədd etməsi Brüssel görüşü öncəsi rəsmi İrəvanın, son dövrlər üçün ənənəvi olan arqumentlərini tamamilə sıradan çıxarıb. Rəsmi İrəvanın və himayəçilərinin, eləcə də erməni diasporu və lobbisinin dezinformasiyalar yaymaqla ölkəmizi gözdən salmaq cəhdləri də, göründüyü kimi effekt vermir. Bu qəbuldən olan informasiya manipulyasiyalarının əsasında hüquqi aspektlər və faktlar dayanmadığı üçün, ən yaxşı halda ciddi qəbul olunmur və ya dedi-qodu təsiri bağışlayır.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, bu xüsusda, Ermənistan hərbi birləşmələrinin və Azərbaycan ərazilərindəki separatçı-terrorçuların son günlər Silahlı Qüvvələrimizin mövqelərini bir neçə istiqamətdən atəşə tutmaları, rəsmi İrəvanın hüquqi-diplomatik müstəvidəki uğursuzqluqlarını kompensasiya etmək, provakasiya xarakterli addımlarla lokal ekskalasiyaya nail olmaq və yaranmış vəziyyətdən danışıqlar prosesinin növbəti raundu öncəsi gərginlik yaratmaqla sülh müqaviləsinin konkret müddəalarının müzakirəsindən yayınmaq cəhdidir.
“Mövcud vəziyyət, danışıqların Brüsseldə keçirilməsi nəzərdə tutulan danışıqların növbəti raundunda müzakirə olunacaq məsələlərin mahiyyətinə birbaşa təsir göstərməsə də, prosesin gərgin atmosferdə keçməsinə yol açır ki, bu da yekun nəticəyə varmaq üçün mühüm faktorlardan birinə - etimad mühitinin formalaşmasına maneədir.
Bütün bunlara baxmayaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində rəsmi Bakının təqdim etdiyi, beynəlxalq hüquqa və bölgədəki mövcud reallıqlara söykənən prinsplər danışıqların aparıldığı bütün platformalarda istisnasız olaraq qəbul edilir. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı danışıqlar prosesinin bütün tərəflərinin qəbul etdiyi qırmızı xəttidir və Ermənistan da daxil olmaqla, prosesdə bu və ya digər şəkildə iştirak edən beynəlxalq hüququn bütün subyektləri Qarabağı, həmçinin anklavda olan yaşayış məntəqələrini Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu, geriyə dönüşü olmayan bir reallıqdır və rəsmi İrəvanın bu reallıqdan kənar cəhdlərinın hər hansı bir perspektivi də yoxdur.
Ehtimal edilən Brüssel görüşü öncəsi, Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidentinə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini bildirməsi, sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətini vurğulaması Vaşinqtonun prosesin irəliyə doğru aparılmasında maraqlı olduğunu bir daha təsdiqləyir. Bu isə o deməkdir ki, Ermənistanın danışıqlar prosesini pozmaq üçün həyata keçirdiyi davamlı təxribatlara, informasiya manipulyasiyasına və qütblərarası manevrlərinə baxmayaraq, dünyanın aparıcı güc mərkəzləri dialoqun davam etdirilməsində və nətocəyönümlü olmasında maraqlıdırlar.
Azərbaycan 44 günlük müharibədə qalib gəlməsinə, işğalçı ordunu darmadağın etməsinə və Ermənistanın hələ də təxribat xarakteli əməllərindən əl çəkməməsinə baxmayaraq, sülh müqaviləsinin təşəbbüskarıdır və öz tutumlu danranışlarıyla sülh gündəliyinə sadiqliyini nümayiş etdirir. Təkcə bu faktın özü rəsmi Bakının Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün maksimum dözüm və prinsipiallıq sərgilədiyini təqdiqləyir. Amma bu, şübhəsiz ki, İrəvanın təxribat xarakterli addımlarının cavabsız qalacağı, Azərbaycanın uzun müddət səbr nümayiş etdirəcəyi anlamına gəlməməlidir. ABŞ da daxil olmaqla, Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını arzulayan bütün tərəflər, rəsmi İrəvana sülh prosesini sürətləndirmək üçün təzyiq göstərməli və sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün daha qətiyyətli davranmalıdırlar”, - deyə o əlavə edib.