Bakı. Trend:
ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
"Əgər ABŞ Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı. Məhz ABŞ-ın da iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. Buna görə də, digər faktlarla yanaşı, ABŞ da keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır.
Sülhün və sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan təcavüzkar dövlət Ermənistanı regionumuzda cəsarətləndirmək siyasətinə son qoyulması vacibdir", - deyə qeyd edilib.