Bakı. Trend:
Prezident cənab İlham Əliyevin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq 2024-cü ilin 7 fevralında ölkəmizdə növbəti Prezident seçkiləri keçiriləcək.
Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin, “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” prinsipini atdığı addımlarda təsdiqinin, hər bir vədinin reallıqlarda ifadəsini tapmasının göstəricisidir. Növbədənkənar Prezident seçkilərini şərtləndirən mühüm amillərdən biri məhz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsidir. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
Dövlətimizin başçısının növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı “Heydər Əliyev İli” çərçivəsində görülən işlərin, bu günədək verilən vədlərin reallıqda təsdiqini tapmasının hesabatıdır.
Uğurlarla, zəfərlərlə zəngin olan bu hesabat növbəti uğurlu qələbələrimizin aydın mənzərəsini təqdim edir.
Heç şübhə yoxdur ki, Azərbaycan demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazacaq.
Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər. Növbədənkənar seçkilərin keçirilməsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib.
2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə kimi atdığı addımlar, verdiyi qərarlar və ardınca baş verənlər təkcə bizim, Azərbaycan-Türkiyə İttifaqı üçün deyil, Qafqaz bölgəsi, Türk Dünyası həmçinin geniş anlamda Türk Dünyası ilə bərabər Yaxın Şərq, Avropa, Asiya və bütün dünya ölkələri üçün çox böyük əhəmiyyətə malik bir dövrdür.
“Qarabağ Azərbaycandır!” şüarını dilindən düşməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni növbədənkənar Prezident seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici eyni zamanda daxili siyasətini, o cümlədən ölkənin bütün bölgələrində abadlıq-quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Növbədənkənar seçkilərin keçirilməsi bütün dünyada qəbul olunmuş siyasi təcrübədir. Prezident seçkilərinin növbədənkənar keçirildiyi zaman sadəcə olaraq ölkə vətəndaşları siyasi iradələrini vaxtından əvvəl ifadə edəcəklər.
Milli Məclisin deputatı,
Rauf Əliyev