Bakı. Trend:
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda XX əsrin insanlığa qarşı ən dəhşətli cinayətini törətdilər. Fevralın 25-i axşam ermənilər Xocalı şəhərini toplardan və ağır artilleriyadan şiddətli atəşə tutaraq yaşayış məntəqəsində olan təqribən 2500 nəfər dinc sakin Ağdama çatmaq ümidi ilə Xocalını tərk etmişdi. Ancaq dinc əhalinin 613 nəfəri erməni qətliamının qurbanına çevrildi. Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Erməni vəhşiləri tərəfindən yaralanan 487 nəfərdən 76-sı uşaq olmaqla 1275 nəfər əsir, 150 nəfər itkin düşdü. 7000 nəfər əhalisi olan Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üzərində yerləşir. Qarabağdakı yeganə aeroport da məhz Xocalı şəhərində olub. Xocalı şəhəri strateji mövqeyə malik olması ilə əlaqədar hər zaman ermənilərin maraq dairəsində olub. Xocalı soyqırımının törədilməsindən 32 il ötür. Ermənistan tərəfindən törədilmiş bu qətliam insanlığa qarşı ən ağır cinayətlərdən biri hesab edilir. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin bariz nümunəsi kimi xatırlanacaq. XX əsrin sonlarında dünya ölkələrinin gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən ağır cinayət hesab edilir.
Cari ilin 26 fevral tarixində Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışı zamanı cənab İlham Əliyev bildirmişdir ki, “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbənin nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi.
Xocalı sakinləri ilə görüş zamanı cənab İlham Əliyev vurğulamışdır ki, “İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir”. Xocalıda baş verən soyqırımından 32 il sonra azad Xocalıya qayıtmağımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətinin, müdrik siyasətinin, rəşadətli ordumuzun, xalqımızın dəmir yumruq kimi birliyinin və həmrəyliyinin nəticəsidir.
Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı çıxışında cənab İlham Əliyev bildirmişdir ki, “Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, - təbii ki, onların da taleyi bəllidir, - 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir”.
Eyni zamanda Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında cənab İlham Əliyev qeyd etmişdir ki, “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı. Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin”. Xocalı Soyqırımı Memorial kompleksinin təməlini məhz 26 fevral tarixində Xocalıda qoyulması özündə bütün məqamları ehtiva edir. Biz artıq cənab İlham Əliyevin rəhbərliyi və Şanlı Ordumuz şücaəti nəticəsində Xocalıya qayıtmışıq, Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Yaralarımız sağalmasa da Qarabağın işğaldan azad olunması hər Azərbaycan vətəndaşını qürurlandırır.
Milli Məclisin deputatı,
Rauf Əliyev