...

Region üçün yeni tarixi gerçəklik - Dünyanın barışmalı olduğu REALLIQ

Siyasət Materials 15 İyun 2024 00:05 (UTC +04:00)
Region üçün yeni tarixi gerçəklik - Dünyanın barışmalı olduğu REALLIQ
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya çox ağır tarixi mərhələdən keçir. Dünyada dövlətlərin sərhədləri sürətlə dəyişir. Belə bir mürəkkəb dövrün davam etdiyi bir zamanda dövlətçiliyi daha da gücləndirmək və beynəlxalq münasibətlərdə yeni əməkdaşlıqlar əldə etmək bu gün hər dövlətin və siyasətçinin bacara biləcəyi iş deyil. Bütün bu hadisələr fonunda Azərbaycan və Türkiyənin regionda, eləcə də beynəlxalq qlobal sferada çox önəmli aktorlara çevrilməsi prosesinin şahidiyik. Bakı və Ankaranın müxtəlif qlobal və regional hadisələrdə ortaq qərarlar qəbul etməsi hər iki ölkənin növbəti daha qətiyyətli və iradəli addımları üçün zərurət yaradır.

Azərbaycan və Türkiyə 44 günlük Vətən müharibəsindən sonra - 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

Bu gün Türkiyə və Azərbaycanın birliyi, bir-birinin haqq savaşında yanında olması, onun səsinə səs verməsi olduqca önəmli məsələdir. Bu önəm iki ölkənin dövlət başçılarının iştirakıyla imzalanan Şuşa Bəyannaməsi ilə xüsusilə də artdı. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda (Şuşada) qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, dosta güvən, düşmənə dərd oldu.

Belə bir mürəkkəb dönəmdə, dünyanın yeni savaşlarla, yeni işğallarla üz-üzə qaldığı bir vaxtda bu Bəyannamənin əhəmiyyəti həyati oldu desək, yanılmarıq. Nəzərə alsaq ki, dünyada alovlanan bəzi münaqişə ocaqlarının yaratdığı təhlükədən nə Türkiyə, nə də Azərbaycan sığortalanmış sayıla bilməz. Məhz bu faktor Şuşa Bəyannaməsinin əhəmiyyətini hər iki ölkə üçün olduqca artırmış hesab edilir.

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.

Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən bu Bəyannamə Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı hesab edilir. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı demək idi. Bu gün biz həmin prosesi izləyirik. Artıq dünyanın super gücləri bölgədəki proseslərlə bağlı istənilən məsələdə Bakı və Ankarının istək və maraqlarını nəzərə almadan addım ata bilmir.

Şuşa Bəyannaməsinin hadisələrin bugünki axarında önəmi danılmazdır. Prezident İlham Əliyev və Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. Məhz həmin tarixdən (15 iyun 2021-ci il) Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bu gün bir çox xarici qüvvələri, regiona barmaq istəyən dövlətləri ən çox narahat edən məqam da məhz bu müttəfiqliyin günü-gündən daha da artmasıdır.

Bəyannamədə qeyd edildiyi kimi, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bu da bu gün Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm ismarıcdır.

İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması ilə bağlı da razılığa gəldi. Bəyannamədə hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi ilə bağlı qərara alınması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun növbəti göstəricisidir. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyə təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər və onlara uzanan şər barmaqları anında kəsib atacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti