Bakı. Trend:
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində irəliləyişi alqışlayıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
O qeyd edib ki, Blinken bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb və Ermənistanla Azərbaycan arasında davamlı sülhün vacibliyini bir daha təsdiqləyib.
"Dövlət katibi sərhədlərin delimitasiyası ilə bağlı razılaşma da daxil olmaqla, tərəflər arasında əldə olunan son nailiyyətləri alqışlayıb", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.
Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb.
Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.