...

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini TƏSDİQ EDİB (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 21 Sentyabr 2024 16:55 (UTC +04:00)
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini TƏSDİQ EDİB (ƏLAVƏ OLUNUB) (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fasilədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclisə seçkilərin nəticələrinə dair yekun qərarı elan edib.

Trend xəbər verir ki, parlament seçkilərinin nəticələri təsdiq edilib.

Qərara əsasən, 2024-ci il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri təsdiqlənib.

Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.

xxx

16:04

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclasda keçirilən dinləmələrdən sonra çıxış edib.

Trend-in məlumatına görə, sədr bildirib ki, Məhkəmənin hakimləri Milli Məclisə seçkilərlə bağlı sənədləri araşdırıb qərar qəbul etmək üçün müşavirə otağına getməlidir.

Beləliklə, iclasda fasilə elan edilib və hakimlər Milli Məclisə seçkilərlə bağlı sənədləri araşdırıb və qərar qəbul etmək üçün müşavirə otağına gediblər.

xxx

16:01

Dövlət Statistika Komitəsinin nümayəndəsi Fərid Əhmədov çıxış edib.

Trend xəbər verir ki, o, ekspert qismində rəy bildirib.

xxx

15:52

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov seçkilər haqqında rəyini bildirib.

Trend xəbər verir ki, Nəsib Şükürov ekspert qismində dəvət olunub.

xxx

15:42

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə ətraflı məlumat verib.

Trend-in məlumatına görə, MSK sədri deyib ki, 2024-cu il iyunun 28-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər elan olunub və 2024-ci il sentyabrın 1-ə təyin edilib və həmin gün seçkilər keçirilib.

"Seçki Məcəlləsinə uyğun olaraq, seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan olan MSK dərhal fəaliyyətə başlayıb və təqvim planını təsdiq edib. Seçkilər elan edildikdən sonra deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi başlayıb. Seçki hüququ olan bütün vətəndaşlar üçün lazımi şərait yaradılıb. Seçkilər tarixində ilk dəfə namizədlərin və Azərbaycan ictimaiyyətinin seçkilərdə iştirak etmək baxımından yüksək aktivliyi müşahidə olunub", - o əlavə edib.

MSK sədri qeyd edib ki, deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi şəffaf və açıq şəkildə həyata keçirilib və iştirak etmək arzusunda olan bütün namizədlərə təşviqat və təbliğat üçün lazımi şərait yaradılıb. Bülletenlər vaxtında hazırlanaraq məntəqə seçki komissiyalarına çatdırılıb. Vurğulanıb ki, Milli Məclisə keçirilən seçkiləri çoxsaylı müşahidəçilər və beynəlxalq KİV təmsilçiləri izləyiblər.

M.Pənahov bildirib ki, MSK-ya səsverməyə qədər və sonra daxil olan müraciətlər araşdırılıb və onlarla bağlı müvafiq qərarlar qəbul edilib. Sosial şəbəkələrdə seçkilərlə bağlı 1500-dən artıq görüntü 24 seçki dairəsini əhatə edib. O bilirib ki, MSK bütün şikayətləri aradırdı və 17 seçki dairəsi üzrə 35 seçki məntəqədə seçkilərin nəticələri ləğv edilib.

M.Pənahov vurğulayıb ki, işaldan azad edilmiş ərazilərdə 54 seçki məntəqə yardadıldı.

Daha sonra Məzahir Pənahov sualları cavablandırıb, Plenumun iclasında iştirak edən ekspert və mütəxəssislərin rəyləri dinlənilib.

15:21

Çıxış edən hakim Kamran Şəfiyev bildirib ki, seçkilərlə bağlı Respublika Prokurorluğuna 13 müraciət daxil olub və müraciətlər baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilib.

Trend xəbər verir ki, o, müraciətlərin seçkilərin ümumi nəticələrinə təsir göstərmədiyini qeyd edib.

xxx

15:15

İclasda məruzəçi hakim Rövşən İsmayılov çıxış edib.

Trend xəbər verir ki, Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib.

xxx

15:02

2024-cü il sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.

Trend-in məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan edib. Məhkəmə heyəti və katibi təqdim edildikdən sonra iclasda məruzəçi hakimin seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumatı dinlənilir.

İclasın yekununda Milli Məclisə keçirilən seçkilərin nəticələri təsdiq ediləcək.

Qeyd edək ki, sentyabrın 16-da MSK sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub və seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti